Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov mayın 26-da saat 10.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Zəngilan rayonları və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.
1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyənlər mayın 23, 24 və 25-də Təhsil Nazirliyinin telefon məlumat mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
1news.az