Bir sıra dövlət xadimləri İlham Əliyevə təbrik məktubu göndərib - YENİLƏNMƏ
Polşa prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm.
Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni Razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm.
Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq.
Möhtərəm cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm”.
Digər təbrik məktubu Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev göndərib:
“Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri ölkələrimiz və xalqlarımız naminə bundan sonra da durmadan möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm”.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyninin məktubunda deyilir:
“Zati-aliləri,
28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bizim sıx əlaqələrimiz ildən-ilə daha da güclənir. Biz bölgələrimizdə sülh və sabitliklə bağlı maraqlarımızı və fikirlərimizi bölüşürük. Biz mühüm milli məsələlərdə bir-birimizə dəstək olmuşuq və dəstək olmağa davam edəcəyik. Mən əminəm ki, bizim qarşılıqlı mənafelərimiz naminə bütün sahələrdə strateji əməkdaşlığımız daha da möhkəmlənəcək.
Mən Zati-alinizin cansağlığı və Azərbaycan xalqının rifah, tərəqqi və firavanlığı üçün dua edirəm.
Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin”.
Bundan əlavə, İsveçin kralı XVI Karl Qustav, Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan, Malayziyanın XIV kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahan və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da ölkə başşısını Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə təbrik ediblər.
1news.az