Azərbaycan mədəniyyəti nümunələri ABŞ radiosunda yayımlanıb - FOTO
ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən və geniş dinləyici kütləsinə malik "LA Talk Live" radiosunun 19 may tarixli canlı efirində Azərbaycan musiqisinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına həsr olunmuş geniş veriliş yayımlanıb.
Bu barədə 1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.
Verilişin aparıcıları tanınmış çello ifaçısı, Qlendeyl Filarmoniya Orkestrinin yaradıcısı Ruslan Biryukov, eləcə də San Bernardino Simfonik Orkestrinin dirijoru Frank Fettadır. Bu peşəkar musiqiçilərin təqdimatında efirə verilmiş proqramda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev əsas qonaq qismində çıxış edib.
Diplomat, milli musiqi sənətimizin tarixindən bəhs edərək, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.
Azərbaycan musiqisinin ABŞ-da daha geniş təbliğ olunmasına Baş Konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat, bu səpkidə 2013-cü ildə "Arşın Mal Alan" operettasının Los Ancelesdə, 2014-cü ildə isə "Yeddi Gözəl" baletinin San Dieqo şəhərində keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.
Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin, Azərbaycan caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da söz açıb. Diplomat bildirib ki, Azərbaycan caz məktəbinin bu gün artıq böyük sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr verməkdədir. Baş konsul, həmçinin, Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də dinləyicilərə məlumat verib.
Qeyd edək ki, proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə 26 may tarixində efirə veriləcəyi nəzərdə tutulub.
1news.az