Əli Həsənov: “Azərbaycan qlobal nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır”
“Azərbaycan bir sıra transmilli layihələrə dəstək verir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin həyata keçirilməsində aktivlik göstərir. Biz bu və ya digər istiqamətlərdə fəaliyyətimizi davam etdirmək əzmindəyik”.
Bu haqda jurnalistlərə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Britaniyanın “The Business Year” jurnalının “The Business Year: Azerbaijan – 2016” xüsusi buraxılışının təqdimat mərasimində deyib.
O bildirib ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının həyata keçirilməsində mühüm addımlar atır.
Ə.Həsənov xatırladıb ki, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib:
“Bilirsiniz ki, Avropa Oyunları Azərbaycanda keçirilib. Bundan başqa, bir sıra digər beynəlxalq tədbirlər də keçirilib”.
Prezident köməkçisinin sözlərinə görə, Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır:
“Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu istiqamətdə fəalliyətimizi davam etdirmək niyyətindəyik”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir.
Qeyd edək ki, baş ofisi Londonda yerləşən “The Business Year” jurnalı Latın Amerikası, Asiya və Afrikanın sosial-iqtisadi proseslərini - dünyanın müxtəlif regionlarında geniş coğrafiyanı əhatə edir.
“The Business Year” hər il dünya üzrə müxtəlif ölkələrin sosial-iqtisadi vəziyyətini, inkişaf səviyyəsini, investisiya və biznes-mühit və s. əks etdirən iyirmi xüsusi buraxılış hazırlayır.
Şirkət 2011-ci ildən Azərbaycanla əməkdaşlıq edərək ölkə haqqında bir neçə xüsusi buraxılış hazırlayıb.
Mövzu ilə əlaqədar oxuyun:
Prezident İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib
1news.az