Mübariz Əhmədoğlu: “Minsk qrupu həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin əsas mahiyyətini rədd ediblər” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Minsk qrupu həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin əsas mahiyyətini rədd ediblər”

12:26 - 25 / 05 / 2016
Mübariz Əhmədoğlu: “Minsk qrupu həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin əsas mahiyyətini rədd ediblər”

ATƏT-in Minsk qrupu həmsədrləri Madrid Prinsiplərinin Yenilənmiş variantına qarşı inkarçılıq mövqeyində durublar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Qarabağ münaqişəsinin həllində Azərbaycanın ATƏT-in Minsk qrupundan çox BMT-yə etimad göstərməsini şərh edərkən deyib:

“Nə üçün Azərbaycan ATƏT MQ-yə deyil, BMT-yə üstünlük verir sualının cavabı çox sadədir. ATƏT-in Minsk qrupu həmsədrləri Madrid Prinsiplərinin Yenilənmiş variantına qarşı inkarçılıq mövqeyində durublar. Madrid Prinsiplərinin Yenilənmiş variantı və ya Yenilənmiş Madrid Prinsipləri 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı ATƏT MQ həmsədr ölkə prezidentləri Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi tərəfindən imzalanıb”.

Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəlik prinsiplərini 3 mühüm mərhələyə bölən M.Əhmədoğlu bildirib ki, birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılır.

İkinci mərhələdə Dağlıq Qarabağa aralıq statusu verilir. Aralıq status ATƏT-də qeydiyyatdan keçir. Aralıq status fəaliyyətdə olduğu dövrdə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaradılır.

Üçüncü mərhələdə isə Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlıları uzun müddət birgə yaşadıqdan sonra Dağlıq Qarabağın yekun statusunu müəyyən edirlər:

“ATƏT MQ həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin əsas mahiyyətini-mərhələliliyi rədd ediblər. Onların fikrincə, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağın yekun statusunun  müəyyən olunması bir-birinə möhkəm bağlıdır.  Bu ATƏT MQ həmsədrlərinin öz prezidentlərini, beynəlxalq ictimaiyyəti aldatmasıdır”.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmasının tələb kimi qoyulduğunu xatırladan politoloqun sözlərinə görə, BMT TŞ-nin 4 qətnaməsini dəstəkləməklə rəsmi Bakı həm də Yenilənmiş Madrid Prinsiplərini dəstəkləyir:

“Əgər ATƏT MQ həmsədrləri Yenilənmiş Madrid Prinsipləri əsl mahiyyəti üzrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlayarlarsa, Azərbaycan Yenilənmiş Madrid Prinsiplərinə daha güclü dəstək verə bilər. Çünki Yenilənmiş Madrid Prinsiplərinin 1-ci maddəsi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasından ibarətdir.

BMT TŞ-nin 4 qətnaməsində isə bütün ərazilərin və həm də bir mərhələyə Azərbaycana qaytarılması nəzərdə tutulur. Yenilənmiş Madrid Prinsiplərində isə torpaqlar 2 mərhələyə qaytarılır”.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər