Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
İyunun 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, əvvəlcə Komissiyanın 26 may 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib.
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsi də iclasda müzakirə edilib. Komissiya seçki günü səsvermə məntəqələrindən kənarda da proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə seçki dairəsi üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25 faizində) veb-kamera quraşdırılmasına qərar verib.
İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik edilib.
Komissiyanın iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Ərizəçilərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
1news.az