Dünya Humanitar Sammiti: Prezidentin dünyaya mesajları – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Dünya Humanitar Sammiti: Prezidentin dünyaya mesajları – Newtimes.az

15:35 - 14 / 06 / 2016
Dünya Humanitar Sammiti: Prezidentin dünyaya mesajları  – Newtimes.az

İstanbulda BMT-nin dəstəyi ilə Dünya Humanitar Sammitinə 65 ölkə başçısı qatılıb. Bütövlükdə 177 dövlətin yüksək səviyyəli təmsilçiləri tədbirdə iştirak ediblər. Müzakirələr müasir dövrdə dünya ölkələrinin qarşılaşdığı humanitar böhranı aradan qaldırmaqla əlaqəli olub.

BMT-nin Baş katibi Pan Gi Mun humanitar fəaliyyətin aşağıdakı 5 əsas istiqamətinə dəstək verməklə bağlı müraciət edib: münaqişələrin aradan qaldırılması və qarşısının alınması, hərbi əməliyyatları aparmaq qaydalarına əməl edilməsi, heç kimsənin unudulmaması, ehtiyacların ödənməsi üçün iş üsullarının dəyişməsi və bəşəriyyətin maraqlarının müdafiəsinə sərmayə qoyuluşu. Bu istiqamətlərə tədbir iştirakçıları dəstəklərini bildiriblər. Eyni zamanda, onların reallaşdırılması məsələsinin vacibliyi də yaddan çıxmayıb.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə söylədiyi dərin məzmunlu nitqi böyük maraq doğurur. Azərbaycanın dövlət başçısı konkret faktlarla humanitar fəlakətdən xilas olmağın yollarını göstərib, Ermənistanın təcavüzkar siyasətinin yaratdığı fəsadlara beynəlxalq ictimaiyyətin laqeyd qalmasının mənfi tərəflərinə diqqət çəkib və Azərbaycanın humanitar fəaliyyətinin dərin təhlilini verib. Dövlət başçısı ikili standartlar siyasətinin, ümumiyyətlə, BMT-nin humanitar fəaliyyəti üçün verdiyi zərərlərdən bəhs edib. İşğalçı Ermənistanla bağlı qəbul edilən 4 qətnamənin yerinə yetirilməməsi nəticəsində İrəvanın yeni təhlükələr yaratmaqda olduğunu ifadə edib. Bu sırada "Metsamor" Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhdidləri də açıq deyib. İlham Əliyevin nitqini iştirakçılar böyük diqqətlə dinləyiblər.

Fərqli bir gələcək naminə: BMT-nin planları

"İnsan taleyi". "İnsan həyatının xilas edilməsi". "Humanitar yardımların göstərilməsi"... Bu ifadələr indi BMT tribunasından tez-tez səsləndirilir. Təsadüfi deyil, çünki dünya doğrudan da silkələnir. Münaqişələr, böhranlar, aclıq, səfalət, deportasiyalar kimi hallar bəşəriyyəti çox həssas bir vəziyyətə gətirib. Hər tərəfdən günahsız insanların iztirab dolu səsləri eşidilir. "Barrikada"nın o biri tərəfində isə... zəngin dövlətlərin geosiyasi maraqlarını müzakirələri, silah maqnatlarının milyardlarla dollar həcmindəki gəlirləri və böyük güclərin bir-birini ittiham etməsi durur. Bunlar müxtəlif regionlarda törədilən terror olaylarının qorxunc səsləri fonunda baş verir. Hər kəs öz işindədir, ancaq dünya can verir, qan itirir. İnsan oğlu oturduğu budağı kəsdiyindən xəbərsizdir...

Birləşmiş Millətlər Təşkilatı bunlara görə həyəcan təbili çalıb, Dünya Humanitar Sammiti keçirmək qərarı alıb. Bu tədbirin ilk məkanı olaraq Türkiyə seçilib. BMT rəhbərliyi bunun da təsadüfi olmadığını izah edib. Türkiyə hazırda 3 milyona yaxın qaçqını qəbul edib, himayə göstərən tək ölkədir. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O'Brayen bu barədə açıq fikir bildirib (bax: В Стамбуле начнется первый Всемирный гуманитарный саммит / "РИА Новости", 23 may 2016).

BMT-nin Baş katibi Pan Gi Mun sammitin açılışında əsas məqsədi belə ifadə edib: "Fərqli bir gələcək qurmaq üçün buradayıq" (bax: Dünya liderleri Dünya İnsani Zirvesi için İstanbul'da / "CNN Türk", 23 may 2016).

O, insanların üzləşdiyi humanitar problemlərin ədalətli şəkildə aradan qaldırılmasını və bunun üçün dövlətlərin obyektiv davranmasını nəzərdə tutur. Bütövlükdə BMT dünyanın hər bir guşəsində rast gəlinən humanitar fəlakətlərə eyni gözlə baxılmasına nail olmağa çalışır. Bunun üçün təşkilat 5 əsas istiqamət seçib. Onların sırasında münaqişələrin aradan qaldırılması və baş verməsinin qarşısının alınması, müharibə aparmaq qaydasına əməl etmək kimi mühüm bəndlər də vardır (bax: Всемирный саммит по гуманитарным вопросам / "www.un.org", 23 may 2016).

Konkret faktlar: humanitar böhran və ikili standartlar

Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi yuxarıda vurğulanan məqamlar kontekstində böyük maraq doğurub. Dövlət başçısı bir neçə aktual məsələni geniş və dəqiq təhlil edərək, BMT-nin bunlara obyektivcəsinə və ədalətlə müdaxilə etməsi zərurətini sübuta yetirib (bax: Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində çıxış edib / AZƏRTAC, 23 may 2016).

Ölkə rəhbərinin çıxışı münaqişələrin ədalətli həlli, müharibənin aparılması qaydalarına əməl edilməsi və humanitar böhranın səmərəli şəkildə aradan qaldırılması məsələlərini əhatə edib. İlham Əliyev ümumi xarakterli mülahizələrlə deyil, konkret faktlar əsasında fikirlərini ifadə edib. Öncə, dövlət başçısı sammitin nəticələrinin bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcəyinə inam ifadə edib (bax: əvvəlki mənbəyə).

Bir sıra siyasi liderlərin və bəzi beynəlxalq təşkilatların (məsələn, "Sərhədsiz həkimlər") bədbin mövqeləri fonunda Azərbaycan Prezidentinin müsbət nəticələrə inam ifadə etməsi əhəmiyyətli məqamlardandır. Azərbaycan nə qədər haqsızlığa, ədalətsizliyə, ayrı-seçkiliyə uğrasa da beynəlxalq təşkilatlara olan inamını itirmir, çünki onun üçün sülh, humanizm, ədalət, qarşılıqlı anlaşma böyük əhəmiyyət daşıyır. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan həqiqi mənada barış, tərəqqi, rifah və əmin-amanlıq tərəfdarıdır. Azərbaycan Prezidenti bu məqamları lakonik surətdə gözəl ifadə edib.

Dövlət başçısı Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı gətirdiyi misallarla BMT-nin bu təşəbbüsünün konkret məzmun kəsb etməsi üçün də öz töhfəsini verib. İlham Əliyev azərbaycanlıların qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bildiyini xüsusi vurğulayıb. Yəni Azərbaycan vətəndaşları BMT-nin gündəmə gətirdiyi problemləri birbaşa həyatlarında yaşamış adamlardır və onlar üçün bu məsələ mücərrəd məzmun kəsb etmir.

Region üçün bütün fəlakətlər Ermənistanın Azərbaycana təcavüzündən sonra başlayıb. Bunun nəticəsində 1 milyondan artıq insan qaçqın-köçkün, minlərlə adam itkin düşüb, həyatlarını itirmiş insanların sayı da minlərlə ölçülür. Erməni silahlı qüvvələri öz havadarları ilə birgə Xocalıda dinc insanları qətlə yetirərək soyqırımı törədiblər. Bu, XX əsrin ən faciəvi humanitar böhranı, insanlığın öldüyü məqamdır. İndi BMT-nin İstanbulda müzakirə etdiyi müharibəni öz qaydaları ilə aparmaq tələbi onda Ermənistan silahlı birləşməli tərəfindən kobudcasına pozulmuşdu. Bu haqda Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT tribunasından fikrini bildirib.

Doğrudur, bu təşkilat təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdən hərbi qüvvələrini çıxarması ilə bağlı 4 qətnamə qəbul edib, ancaq müharibə qanunlarına əməl etməməsi ilə bağlı İrəvana qəti iradını bildirilməyib. Bununla da humanitar problemin aradan qaldırılması şərtləri tam pozulub. Münaqişəni ədalətli həll etmək qarşıya məqsəd kimi qoyulmayıb, Ermənistanı müharibənin qaydalarını pozduğuna görə cəzalandırmayıb, humanitar fəlakətin qarşısı alınmayıb (hələ də minlərlə azərbaycanlı əsirin yeri məlum deyil, onların taleyindən xəbər yoxdur).

Belə çıxır ki, yaranmış vəziyyətdə BMT-nin də günahları çoxdur. Prezident İlham Əliyev nitqində buna birbaşa işarə edib. Ölkə rəhbəri vurğulayıb: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir" (bax: əvvəlki mənbəyə).

Sülh və firavanlıq dünyası uğrunda

Sual olunur: BMT hansı səbəblərdən bəzi hallarda qəbul etdiyi sənədləri hətta saatlar ərzində həyata keçirir, başqa hallarda isə 20 ilə heç bir iş görmür? Bu suala BMT təmiz vicdanla cavab verməsə, dünyanın heç bir yerində münaqişələr həll edilməyəcək. Humanitar fəlakətlər daha da dərinləşəcək. Çünki əsasında iman, əxlaq və ədalət olmayan tənzimləmə mexanizmləri həmişə fəsad törədəcək. Tarixin dərsi belədir.

Məhz beynəlxalq təşkilatların prinsipsiz yanaşmalarının nəticəsidir ki, Ermənistan bu ilin aprel ayında növbəti dəfə həyasızcasına təcavüzkarlıq etdi. Azərbaycan Prezidenti sammitdə bununla bağlı danışarkən ermənilər tərəfindən 6 mülki şəxsin qətlə yetirildiyini, 30-dan artıq mülki şəxsin yaralandığını, 500-dən artıq evə ziyan vurulduğunu, 100-dən çox evin tamamilə dağıdıldığını və yandırıldığını ayrıca vurğulayıb (bax: əvvəlki mənbəyə). Bu, əsl humanitar fəlakət deyilmi? Eyni zamanda, dünya birliyinin təcavüzkarı durdurmamasının yekunu deyilmi? BMT indi hansı addımları atacaq?

Əslində, Azərbaycan Prezidenti nə etmək lazım olduğunu açıq ifadə edib. Konkret olaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli və onun hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Buna böyük dövlətlər dəstək verəcəklərmi? Hələlik səsini çıxaran yoxdur! Bu da dünyanın özünəməxsus bir fəlakətidir! Belə getsə, bu, hər bir ölkənin qapısını döyər.

Ermənistan təhlükəsi: "çirkli bomba" və "Metsamor" AES

Azərbaycan rəhbəri sammit iştirakçılarının diqqətini Ermənistanın daha bir cinayətinə yönəldib. Ermənistanın keçmiş baş naziri başda olmaqla bir sıra siyasətçiləri ölkənin "çirkli bomba"ya, nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bomba bu gün hazır olmasa da, həmin fikirlər rəsmi İrəvanın çirkli niyyətlərindən xəbər verir. BMT də daxil olmaqla dünya birliyinin nüvə tullantılarından qanunsuz istifadəni beynəlxalq terrorun təhlükəli bir hissəsi kimi qəbul etdiyi bir zamanda cırtdan dövlətin siyasi dairələrindən belə bir informasiyanın yayılması hansı anlama gəlir?

Adi məntiq göstərir ki, Ermənistan rəsmən terroru dəstəkləyən bir dövlətdir! İrəvan nəinki terroru dəstəkləyir, hətta regionda terrorçu kimi də hərəkət edir. O, terrorun və çirkli əməllərin qaynağıdır. Bir tərəfdən, nüvə tullantılarını işğal etdiyi Azərbaycan ərazilərində basdırır, digər tərəfdən su mənbələrini çirkləndirir (Avropa Şurasının bununla bağlı xüsusi qətnaməsi də var), bunlarla kifayətlənməyib, nüvə materialları əsasında kütləvi qırğın silahları hazırlamaq niyyətinə də düşür. BMT bütün bunların hamısına rəsmən müharibə etmiş bir təşkilatdır.

Dünyanın böyük dövlətləri də bir sıra ölkələrin kütləvi qırğın silahına sahib olmasına qarşı ciddi mübarizə aparır. Məsələn, İran və Şimali Koreya hansı ittihamlarla üzləşirlər? İrana, ümumiyyətlə, atom bombası istehsal etməyə imkan verilmədi. Şimali Koreya isə hər gün hədələnir. Bəs onda rəsmi İrəvan nəyə arxalanıb başqalarını nüvə silahı ilə təhdid edir? İlham Əliyev məsələnin bu tərəfinə diqqət çəkərək, ümumən, "Metsamor" Atom Elektrik Stansiyasının region üçün ciddi təhlükə olduğunu vurğuladı.

Məsələ ondan ibarətdir ki, "Metsamor" AES fəaliyyəti ilə də böyük təhlükə yaradır. Onun avadanlıqları köhnəlib və tullantıları çoxdur. Belə çıxır ki, həmin obyekt iki aspektdə təhlükədir. Birincisi, keyfiyyətsiz fəaliyyəti ilə regionu radiasiya ilə zəhərləyə, bir növ ikinci Çernobıl hadisəsinə səbəb ola bilər. Ekologiya üçün ciddi təhlükə kəsb edən belə bir obyekt niyə bağlanmır? Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin guya təbii mühiti korladığı haqqında hay-küy salanlar, görəsən, niyə "Metsamor"la əlaqəli cınqırlarını çıxarmırlar? Hanı "sərhədsiz həkimlər", "sərhədsiz ekoloqlar", "yaşıl iqtisadiyyat" tərəfdarları və sair onun kimilər?

İkinci təhlükəli aspekt erməni siyasətçilərin nüvə tullantılarından kütləvi qırğın silahı yaratmaq üçün istifadə olunacağı haqqında danışmalarıdır. Burada həm qonşu dövlətlərin ünvanına hədə, həm də beynəlxalq qanunların Ermənistan dövləti tərəfindən kobudcasına pozulması halı vardır. Buna BMT mütləq reaksiya verməlidir. Rəsmi İrəvanın bu cür həyasızlığının qarşısı alınmalıdır. Başqa halda Cənubi Qafqaz yeni-yeni fəlakətlərlə rastlaşmalı olacaq.

Azərbaycan – humanizm nümunəsi kimi

Nəhayət, Prezident İlham Əliyev Azərbaycanın humanitar fəaliyyətini sammitdə qısa şərh edib. Ölkə başçısı qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunduğunu diqqətə çatdırıb (bax: əvvəlki mənbəyə). Özü də Azərbaycan bunu öz hesabına edib, kənar yardım olmadan həyata keçirib. Əksər dövlətlərin iqtisadi-maliyyə böhranında çapaladığı bir mərhələdə Azərbaycan hakimiyyətinin bu addımı yüksək cəsarət və peşəkarlıq nümunəsidir. Nəticədə, yüz minlərlə insan humanitar fəlakətdən xilas olublar. Onlar öz həyatlarını qurur, normal vətəndaş kimi fəaliyyət göstərirlər.

Məsələyə başqa aspektdən yanaşdıqda, maraqlı bir fakta rast gəlirik. Dünyada hazırda iki dövlət – Azərbaycan və Türkiyə humanitar fəlakətə qarşı ən çox proqramlar həyata keçirən ölkələrdir. Türkiyə 3 milyon evsiz insanı qəbul edib, onlar üçün milyardlarla dollar xərcləyir. Qaçqınları isindirir, təhsillərini təmin edir, onları qida və geyimlə təmin edir. Avropa İttifaqının 28 ölkəsi isə 200-300 min miqrant-qaçqını qəbul etmək cəsarəti göstərə bilmirlər! Onlar "qapıları bağlayaq", "terrordan qorunaq", "bizim həyatımızı korlayırlar" kimi islamofobiya və ksenofobiya əhval-ruhiyyəli fikirlər söyləyirlər. Bu təşkilatın siyasi liderləri bundan sonra da Türkiyəni ittiham edirlər ki, "niyə bütün qaçqınları Ankara saxlamır"!

Bu siyasətin astar üzü Azərbaycana qarşı aparıldı və indi də davam etməkdədir. Çünki real olaraq azərbaycanlı qaçqınlara ciddi yardım edilmədi. BMT-nin bir sıra proqramları oldu. Ancaq indi Suriyadakı terror qruplarına qarşı od püskürən Qərb dövlətləri nə Azərbaycana böyük yardımlar etdilər, nə də Ermənistana "dayan!" dedilər. Türkiyə hazırda suriyalı qaçqınlarla üz-üzə buraxıldığı kimi, Azərbaycan 1988-ci ildən bu yana azərbaycanlı qaçqınlar və məcburi köçkünlərlə üz-üzə buraxıldı. Bu kontekstdə Prezident İlham Əliyevin sammitdə ifadə etdiyi "Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir", fikrinin dərin mənası vardır (bax: əvvəlki mənbəyə).

Bütün bunlara rəğmən, rəsmi Bakı yenə də öz humanist, demokratik və xeyirxah mahiyyətini saxlayır. Sammitdə Azərbaycan Prezidenti vurğulayıb: "Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik" (bax: əvvəlki mənbəyə).

Bu cümlələrdə ifadə edilən fikirlərin işığında çox vacib bir həqiqət aydın görünür. Baxın, Azərbaycandan dəfələrlə zəngin olan Avropa ölkələrinin passivliyi fonunda Bakı ona edilən haqsızlığa baxmayaraq, yenə də yardım əlini ehtiyacı olanlara uzadır. Azərbaycan dünyanın hər guşəsində fəlakət içində olan insanların yanındadır. Bu istiqamətdə rəsmi Bakı fəaliyyətini daha da gücləndirmək niyyətindədir.

İfadə edilən fikirlər göstərir ki, Azərbaycan Prezidentinin İstanbul sammitindəki çıxışı faktiki olaraq tarixi əhəmiyyətlidir. Burada Azərbaycan dövlətinin mahiyyəti, onun fəaliyyət istiqamətlərində humanizm və barışın rolu məsələsi lakonik şəkildə ifadə edilib. Çox yaxşı haldır ki, Azərbaycan BMT kimi bir təşkilatın yüksək səviyyəli tədbirində öz sözünü qətiyyətlə deyə, insanları onun doğruluğuna inandıra bilir.

Prezident İlham Əliyev BMT tribunasından bəşəriyyət üçün faydalı təkliflərlə çıxış etdiyi zaman Serj Sarkisyan kimiləri künc-bucaqda kimə hansı hiyləni işlətməyi planlaşdırırlar? İndiyə qədər Ermənistan dövlət başçısının BMT tribunasından dünya üçün əhəmiyyətli olan obyektiv bir təklifini heç kəs eşitməyib. Onun işi yalnız başqa ölkələri qaralamaq, böhtan atmaq, havadarlarını Azərbaycan və Türkiyəyə qarşı sərt olmamaqda ittiham etməkdən ibarətdir. Belə olan halda BMT niyə ağı qaradan seçmək istəmir?

İlham Əliyevin Dünya Humanitar Forumunda söylədiyi nitq iki qardaş dövlətin – Türkiyə və Azərbaycanın xoş niyyətli, fədakar, insanlara yardım edən, humanizmə sadiq olan ölkə olduğunu bir daha təsdiqlədi. Bundan sonra da belə olacağına inanırıq. Dünyanı müsəlmanlar xilas edəcək

Newtimes.az

Paylaş:
520

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər