ATƏT PA-nın komitə iclasında ermənilərin növbəti iflası
İyulun 3- də ATƏT PA-nın 25-ci sessiyası öz işini davam etdirib.
Qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputat Tahir Mirkişili layihənin 4-cü maddəsinə yeni əlavənin olunmasını təklif ediblər. Dəyişiklikdə deyilir ki, ATƏT-ə üzv ölkələrin bəzilərinin ərazilərində həll olunmamış münaqişələr həmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə, eləcə də təhlükəsizliyə ciddi təhdiddir. Eyni zamanda, bu münaqişələr həmin dövlətlərin demokratik inkişafına və regional əməkdaşlığa ciddi maneədir.
Azərbaycanlı deputatların təklifi layihənin müəllifi isveçli deputat Marqaret Sederfelt tərəfindən də yüksək dəyərləndirilib.
Təklif səsə qoyulub və qəbul edilib.
Ermənistandan olan deputat isə layihənin 5-ci maddəsinə “xalqların öz müqəddəratını təyin etmə prinsipi”nin əlavə olunmasını təklif edib. Azərbaycan tərəfi bu bəndin ATƏT-ə üzv ölkələrin beynəlxalq hüquqla tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına səbəb olduğunu bildirərək təklifə etiraz edib. Qeyd olunub ki, bu təklif BMT-nin və Helsinki Yekun Aktının prinsiplərinə də ziddir. Ukrayna tərəfi Azərbaycanın mövqeyini dəstəkləyib. İsveçdən olan məruzəçi və layihənin müəllifi Marqaret Sederfelt də Ermənistan tərəfinin təklifi əsassız sayıb. Deputatların böyük əksəriyyəti ermənilərin təklifinin əleyhinə səs veriblər. Beləliklə, təklif qəbul olunmayıb və rədd edilib.
Erməni deputatların layihənin 12-ci bəndinə təklif etdikləri 20-ci əlavə də qəbul olunmayıb. Erməni deputatın Azərbaycan Ordusunun tərkibində İŞİD və “ən-Nusra” cəbhəsinin üzvlərinin döyüşçülərinin olduğunu iddia edib. Ermənilərin bu təklifi də etirazla qarşılanıb və qəbul olunmayıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri erməni tərəfinin bu cür məsuliyyətsiz çıxışlarını danışıqlar prosesinə maneə kimi qiymətləndiriblər.
AZƏRTAC