Varşava sammiti: Cənubi Qafqaz münaqişələrinə münasibətin konkret ifadəsi - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Varşava sammiti: Cənubi Qafqaz münaqişələrinə münasibətin konkret ifadəsi - Newtimes.az

13:27 - 14 / 07 / 2016
Varşava sammiti: Cənubi Qafqaz münaqişələrinə münasibətin konkret ifadəsi - Newtimes.az

Dünya ictimaiyyətinin diqqəti iyulun 8-9 tarixlərində Polşanın paytaxtına yönəlmişdi. Burada NATO-nun növbəti sammiti keçirilib.

Tədbirdə 18 dövlət başçısı və 21 baş nazir iştirak edib. Şimali Atlantika Alyansı müasir qlobal təhlükəsizlik üçün aktual olan məsələləri müzakirə edib. Bu hərbi bloka daxil olan dövlətlər vahid mövqe nümayiş etdiriblər. Onlar hazırkı təhlükələr barədə ortaq fikir birliyində olublar ki, bu da yekun bəyannamədə öz əksini tapıb. Tədbirdə NATO-nun dünyanın müxtəlif regionlarında mövcud olan münaqişələrin həllinə də münasibəti bildirilib.

Ayrıca paraqrafda isə təşkilatın Cənubi Qafqazdakı münaqişələrə yanaşması yer alıb. Region dövlətlərinin ərazi bütövlüyünün təmin edilməsinə xüsusi yer verilib. Sammitdə çıxış edən Azərbaycan Prezidenti növbəti dəfə ədalətli və həqiqəti əks etdirən mövqe nümayiş etdirib. Ermənistan rəhbəri isə əsassız fikirləri və saxta ittihamları ilə yadda qalıb. Bütövlükdə götürdükdə, Varşava sammiti Azərbaycanın haqlı mövqe tutduğunu bir daha təsdiqləmiş oldu. Ancaq bir sıra incə məqamlar var ki, onlar üzərində geniş dayanmaq gərəkdir.

Ümumi prinsiplər: Yekun sənəddə Dağlıq Qarabağ məsələsinə baxış

NATO-nun Varşava sammitinə ekspertlər yüksək əhəmiyyət verir, Şimali Atlantika Alyansı üçün bu tədbirin bir çox aspektlərdə həlledici olduğunu hesab edirdilər. Təşkilata daxil olan böyük dövlətlər də (daha çox ABŞ) bütövlükdə Qərb üçün aktual olan hərbi-siyasi və geosiyasi problemlərə konkret münasibətin ifadə ediləcəyini gözləyirdi. Bu ümidlər özünü doğrultdu.

Polşanın paytaxtında NATO-ya üzv olan bütün dövlətlər vahid mövqe nümayiş etdirdilər. Böyük Britaniyanın baş naziri Devid Kemeron bundan heyrətləndiyini açıq bildirib. O, üzv ölkələrin prinsipial məsələlərdə tamamilə eyni mövqedə olduqlarını görməkdən çox sevindiyini deyib. Sammitin işi də həmin ruhda davam edib. İştirakçılar birgə bəyannamə qəbul ediblər. Bəyannamədə müasir dünyada cərəyan edən əsas geosiyasi-hərbi tendensiyalar və onlara NATO-nun münasibəti ifadə edilib (bax: Warsaw Summit Communiqué / "nato.int", 9 iyul 2016).

NATO qəbul etdiyi yekun sənədində bir daha təsdiq edib ki, kollektiv müdafiə, böhranların idarə edilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq prioritet istiqamətlər olaraq qalır (bax: əvvəlki mənbə, 2-ci paraqraf). Təşkilat üçün təhlükəsizliyin təmini önəm daşıyır. Bu kontekstdə Şərqi Avropa məsələsinə, o cümlədən Ukrayna böhranına ciddi əhəmiyyət verilir. Həmin müstəvidə Rusiya təhlükə mənbəyi kimi qəbul edilir. Moskva isə bununla qətiyyən razılaşmır və bunu "uydurma mənzərə" adlandırır (bax: НАТО: "агрессивная Россия" как смысл существования / "expert.ru", 10 iyul 2016).

Hər bir halda, Şimali Atlantika Alyansı dünyanın qlobal geosiyasi və təhlükəsizlik məsələləri ilə bağlı öz iradəsini ortaya qoyub, qarşıda duran vəzifələri həyata keçirmək üçün fəaliyyət göstərəcək. Bu kontekstdə sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar səslənən fikirlər və gəlinən qərarlar maraq doğurur. Şübhə yoxdur ki, dünyanın ən güclü hərbi blokunun bu problemə münasibəti adi hal deyil.

Eyni zamanda, birbaşa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunda NATO-ya üzv olan bir neçə böyük dövlət yer tutur. Onlardan ikisi – ABŞ və Fransa isə Rusiya ilə bərabər həmsədr ölkələrdir. Deməli, Dağlıq Qarabağ məsələsində NATO-ya daxil olmayan Rusiyadan başqa digərləri faktiki olaraq Alyansın mövqeyini müdafiə etməlidirlər.

Reallıqda bunun belə olub-olmaması başqa mövzudur, biz, sadəcə, NATO-nun həmin münaqişə üçün ciddi əhəmiyyət daşıdığını vurğulamaq istərdik. Buna görə də Varşava sammitində Dağlıq Qarabağ haqqında səslənən fikirlər aktualdır. Məsələ həm də Ermənistan KİV-in NATO-nun Dağlıq Qarabağla bağlı mövqeyini təhrif etməyə çalışması ilə ayrıca önəm kəsb edir (bax: məs., Наира Айрумян. НАТО резко изменило отношение к карабахской проблеме / "lragir.am", 8 iyul 2016).

Ermənilərin təqdimatına görə, Şimali Atlantika Alyansı artıq ərazi bütövlüyünü ilk şərt kimi qəbul etmir və məsələni münaqişə tərəflərinin öz öhdəsinə atır. Bu "dəyişikliyin" də əsas səbəbi aprel müharibəsində Ermənistan ordusunun "qətiyyətli hərəkət etməsi, Azərbaycana irəliləməyə imkan verməməsidir"?! (bax: əvvəlki mənbəyə). Təbii ki, bunlar bizim üçün cəfəngiyatdır, onu, sadəcə olaraq, erməni KİV-in həqiqətləri necə həyasızcasına təhrif etdiyini sübut etmək üçün misal gətirdik. Və burada yalanın əsas mənbəyi Ermənistan rəhbərliyinin özüdür. Konkret olaraq, Serj Sarkisyan NATO-nun Varşava sammitində yenidən ağ yalanlar danışıb və Azərbaycan tərəfini ittiham etməyə çalışıb (bax: Серж Саркисян: Статус-кво изменится, если будет признана реализация права народа Нагорного Карабаха на самоопределение / "lragir.am", 9 iyul 2016).

Ermənistan prezidenti guya Azərbaycan rəhbəri İlham Əliyevin sammitdə münaqişə ilə bağlı ifadə etdiyi fikirləri təkzib etməyə cəhd göstərib. Bu, çox uğursuz və məntiqsiz alınıb. Çünki S.Sarksiyan həqiqətləri təhrif edib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üstündən sükutla keçərək, mövcud status-kvonu saxlamaq üçün "qan tökməməyin" lazım gəldiyindən dəm vurub. Yəni o, adəti üzrə məsələnin mahiyyətini gizlədərək yalançı humanizm haqqında danışıb, özünü sülh tərəfdarı kimi göstərməyə cəhd edib (bax: əvvəlki mənbəyə).

Azərbaycan Prezidenti isə həmişə olduğu kimi, həqiqəti ifadə edib. O deyib: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır" (bax: Azərbaycan Prezidenti İlham Əliyev NATO Sammiti çərçivəsində Əfqanıstanla bağlı sessiyada iştirak edib / AZƏRTAC, 9 iyul 2016).

Sonra dövlət başçısı iştirakçıların diqqətinə çatdırıb ki, Ermənistan 20 ildən artıqdır ki, "BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir". Status-kvo dəyişdirilməlidir ki, bu da "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir" (bax: əvvəlki mənbəyə).

Nəhayət, Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndirdiyini bəyan edib (bax: əvvəlki mənbəyə). Bu cümlələrin hər bir kəlməsi həqiqəti ifadə edir. Onlara necə etiraz etmək olar?

Sağlam düşüncəli insan, xüsusilə siyasətçi, qətiyyən bu işə girişməz. Çünki həqiqətə qarşı tutarlı arqument tapmaq mümkün deyildir. S.Sarkisyan da məhz bu səbəbdən həmişə çıxılmaz vəziyyətə düşür, dediklərinə heç kəs inanmır. Şübhə yoxdur ki, Varşavada da belə olub və sadəcə, etiket xatirinə ona "yalan danışma" deyilməyib.

Əslində, Ermənistan KİV-i S.Sarkisyanın saxta danışdığını açığa çıxarıb. Belə ki, onun Varşavadan sonra dərhal Dağlıq Qarabağa gedəcəyi və qoşunların hazırlıq vəziyyətini yoxlayacağı ilə bağlı ekspert rəyi verilib (bax: Айказн Гагриян. Сюрприз Сержа Саркисяна после Варшавы / "lragir.am", 9 iyul 2016).

Erməni liderin əsassız ittihamları: 24-cü paraqrafla uyğunsuzluq

Bütün bunların fonunda Varşava sammitinin yekun bəyannaməsinin 24-cü paraqrafında yazılanlar çox əhəmiyyətli görünür. Burada ifadə edilən fikirlər Azərbaycan Prezidentinin ədalətli və haqlı olduğunu, S.Sarkisyanın isə tam yalanını təsdiq edir. Həmin sənəddə aydın yazılıb ki:

– "biz bütün tərəfdaşlarımızın xarici siyasət üzrə müstəqil və suveren seçim etmək hüququnu tanıyırıq";

– "kənar təsirdən və məcburiyyətdən azad təhlükəsizlik siyasəti yeritmək hüququnu qəbul edirik";

– "biz əvvəlki kimi, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqillik və suverenliyinə dəstəyimizə sadiqik";

– "bununla bağlı biz Cənubi Qafqazda və Moldova Respublikasında olan münaqişələrin dinc yolla həllinə yönəlmiş cəhdləri dəstəkləməkdə davam edirik";

– bunlar "beynəlxalq hüququn, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının əsasında həyata keçirilməlidir";

– "biz bütün tərəfləri danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişənin sülh yolu ilə həlli üçün güclü siyasi iradə ilə konstruktiv əməkdaşlıq etməyə çağırırıq" (bax: Warsaw Summit Communiqué / "nato.int", 9 iyul 2016).

NATO-nun sənədində, təbii ki, yuxarıda vurğulananlar bir mətn daxilində verilib. Biz, erməni iddialarının tam yalan olduğunu sübut etmək üçün onları daha sadə hissələrə ayırdıq. Əslində, həmin hissələrdə təşkilatın qeyd olunan məsələlərə konkret münasibəti ifadə olunub. Onların da kökündə, ümumiyyətlə, Şimali Atlantika Alyansının müasir mərhələdə təhlükəsizlik probleminə konseptual yanaşması dayanır.

Yəni NATO Cənubi Qafqazdakı münaqişələrə münasibətini təsadüfi faktorlara görə deyil, özü üçün qəbul etdiyi prinsiplərə görə müəyyən edir. Bu aspektdə rəsmi İrəvanın real vəziyyəti təhrif etməsinin, Dağlıq Qarabağda gərginliyi saxlamağa çalışmasının səbəbləri aydındır. Bu məqamların hər biri üzərində ayrıca dayanmağa ehtiyac görürük.

Əvvəlcə yuxarıda ayırdığımız bəndlərə NATO-nun təhlükəsizliyin təmini məsələsinə prinsipial yanaşması fonunda nəzər salaq. Varşava bəyannaməsinin 5-ci paraqrafında aşağıdakılar vurğulanır.

NATO-nun sərhədləri boyu qeyri-sabitlik qövsü yaranıb. Burada təhlükəsizliyə təminat yoxdur. Buna görə də Alyans təhlükəsizliklə bağlı bir sıra problem və təhdidlərlə toqquşur. Həmin təhlükələr şərqdən və cənubdan, dövlət və qeyri-dövlət strukturlarından, terror, kiber və hibrid hücumlardan, Rusiyanın aqressiv davranışlarından qaynaqlanır. O cümlədən NATO ərazisinin periferiyasında Rusiya təxribatçı hərbi hərəkətlər edir ki, bu da Moskvanın güc tətbiqi və təhdidlər vasitəsi ilə siyasi nəticələr əldə etmək məqsədi güddüyünü təsdiqləyir.

Bütün bunlar regional sabitsizliyin mənbələridir və Alyansa köklü surətdə "əlcək atmaqdır". Özlüyündə belə bir vəziyyət həm Avro-Atlantik təhlükəsizliyə zərər vurur, həm də Qərbin azad və sülhpərvər Avropa qurmaq məqsədinə təhlükə kəsb edir. Daha sonra həmin paraqrafda qeyd edilir ki, NATO-nun təhlükəsizliyinə Yaxın Şərq və Şimali Afrikadakı proseslər təsir edir.

Bu regionlarda vəziyyət olduqca gərgindir. O cümlədən İŞİD terroru yüksək səviyyəyə qalxıb, NATO-nun müttəfiqlərinin ərazisinə daxil olur və indi beynəlxalq aləmə birbaşa təhlükə yaradır. Yaxın Şərq və Şimali Afrikada yaranmış bu vəziyyət qaçqınlar və miqrantlar böhranının qloballaşmasına təkan verir (bax: əvvəlki mənbə, 5-ci paraqraf).

10-cu paraqrafda isə Rusiyanın timsalında güc tətbiq etməklə sərhədlərin dəyişdirilməsi cəhdlərinin, aqressiv hərbi ritorikanın, başqa dövlətlərin hava sərhədlərini pozmağın əlavə risk yaratdığı və təhlükəsizliyi ciddi təhdid etdiyi vurğulanır (bax: əvvəlki mənbə, 10-cu paraqraf).

Bütün bunlar Şimal Atlantika Alyansının BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etmək əsasında qəbul etdiyi bəyannamədə bir daha vurğulayır (2-ci paraqraf). Deməli, NATO kollektiv təhlükəsizlik, böhranların idarə edilməsi və əməkdaşlıq əsasında təhlükəsizliyin təmin edilməsi üçün hazırda mövcud olan bütün təhlükə mənbələrinə qarşı güzəştsiz mövqe tutmaqdadır. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrlə bağlı vurğulanan məqamların aydın məntiqi vardır.

Hər şeydən əvvəl, NATO müstəqilliyini əldə etmiş ölkələrin müstəqil və suveren xarici siyasət yeritməsini vacib şərt hesab edir. Bunun üçün həmin ölkələrin rəhbərliyi kənar təsirlərə uymamalı, öz müstəqil seçimlərini etməlidirlər. Ermənistan bu şərti ödəyirmi?

Qətiyyən ödəmir. Bu barədə erməni ekspertləri özləri də dəfələrlə fikir söyləyiblər. KİV-də həmin məqam kifayət qədər əks olunub, onun üzərində geniş dayanmağa ehtiyac görmürük. Bunun fonunda isə Azərbaycan rəhbərliyi tam müstəqil xarici siyasət yeridir və heç bir kənar qüvvənin təsiri altına düşmür. Onun təsdiqi isə rəsmi Bakının həyata keçirdiyi və çox müxtəlif sahələri əhatə edən proqramlardır. O cümlədən indi milli təhlükəsizliyin tərkib hissəsi kimi qəbul edilən enerji siyasətini Azərbaycan rəhbərliyi yalnız milli maraqlar və müstəqil dövlətçilik prinsiplərinə uyğun aparır.

Havadarlığın sonu: Qərbin öz səhvini etirafı zamanı

Yeni İpək Yolunda iştirak, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz marşrutu və onlarla digər layihələr bu fikrin doğruluğunu sübut edir. Bəs Ermənistan konkret hansı layihələri həyata keçirir və ya hansı beynəlxalq proyektin iştirakçısıdır? Heç bir layihənin! Onda rəsmi İrəvanın müstəqil xarici siyasətindən danışmaq olarmı? Cəfəngiyatdır! Ermənistan rəhbərliyi tamamilə kənar qüvvələrdən asılı olub və bu, indi də davam edir. Aprel müharibəsi zamanı erməni rəhbərliyinin atdığı addımlar bunu bir daha təsdiqlədi.

Bunlardan əlavə, Ermənistan NATO-nun Varşava sammitinin yekun bəyannaməsinin 3-cü müddəasına uyğun davranmır, yəni region dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət etmir, onların təmin edilməsinə dəstək vermir. Bunu hüquqi olaraq Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi sübuta yetirir. Belə ki, bu ölkə BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarını dərhal tərk etməklə bağlı qəbul etdiyi 4 qətnaməsini qulaqardına vurub və hətta Bakını aqressiyada günahlandırmağa çalışır.

O, özünü elə aparır ki, sanki işğal etdiyi ərazilər qədimdən Ermənistana məxsusdur və Azərbaycan bunu qəbul etməlidir. O cümlədən rəsmi Bakı "DQR" adlı qondarma qurumu tanımalıdır (bax: məs., Серж Саркисян: Статус-кво изменится, если будет признана реализация права народа Нагорного Карабаха на самоопределение / "lragir.am", 9 iyul 2016).

Deməli, Ermənistan yuxarıda vurğuladığımız ilk 3 müddəaya uyğun hərəkət etmir. Bu halda rəsmi İrəvanın münaqişələrin dinc yolla həlli prinsipinə əməl etdiyi tamamilə yalandır və bu baxımdan onunla NATO-nun mövqeyi bir-birinə qətiyyən uyğun gəlmir. Çünki yuxarıda vurğulandığı kimi, NATO Cənubi Qafqazda və Moldovada olan münaqişələrin dinc yolla həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edir. O başqa məsələdir ki, bu danılmaz ziddiyyəti NATO etiraf etmir, onun üstündən sükutla keçir. Səbəb də aydındır – haradasa Qərb xristian təəssübkeşliyi çəkir, təcavüzkarı yerində oturtmaq istəmir və eyni zamanda, Rusiya faktorunun geosiyasi nəticələrindən çəkinir.

Ancaq bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi fonunda ikinci dərəcəli məqamlardır. BMT-nin Nizamnaməsində ifadə edilən müddəalar da bunu təsdiq edir. Orada qeyd olunub ki, hər hansı ölkəyə qarşı təcavüz varsa, onun özünümüdafiə hüququ mövcuddur və başqaları da bu işdə təcavüz qurbanlarına dəstək verməlidirlər (bax: Charter of the United Nations / "un.org").

NATO hesab edir ki, münaqişə vurğulanan prinsiplər əsasında, beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Onların hər birində isə ərazi bütövlüyü məsələsi mütləq şərt kimi qoyulub. Rəsmi İrəvanın bütün davranışlarında isə bir məntiq var – "DQR"in müstəqilliyi tanınmalıdır! Bu da faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etməməkdir ki, birbaşa beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına ziddir. Deməli, Ermənistan 4-cü müddəaya da əməl etmir.

Nəhayət, nümunə gətirilən sənəddə vacib bir məqam NATO-nun münaqişənin sülh yolu ilə həlli üçün güclü siyasi iradə ilə konstruktiv əməkdaşlığı xüsusi qeyd etməsidir. Ermənistan rəhbərliyində siyasi iradə varmı? Olsa idi, başqalarının iradəsi qarşısında diz çökməzdi. Kənardan edilən diqtə ilə siyasət yeritməzdi. Özü müstəqil seçim edərdi. Yəni bu müddəa da Ermənistan rəhbərliyinə heç uyğun gəlmir.

Bütün bunların fonunda NATO-nun Varşava sammitində qəbul edilən bəyannamənin Azərbaycanın maraqlarına uyğunluğu aydın görünür. Rəsmi Bakı burada qoyulan bütün şərtlərlə səsləşən addımlar atır, müstəqil xarici siyasət kursu reallaşdırır. Bu baxımdan Brüssellə Bakı təbii tərəfdaşdırlar. Ermənistan isə yalan və qərəzli mövqeyi ilə NATO-nun təhlükəsizliklə bağlı bütün planlarına qarşı çıxır. Onun həmin istiqamətdə atdığı hər bir addım blef olub, həqiqi niyyəti ifadə etmir. Qərbin böyük dövlətlərinin havadarlığı rəsmi İrəvanın bu cür şıltaq davranmasına əsas verir. Lakin NATO-nun bəyannaməsində də vurğulandığı kimi, tamamilə yeni beynəlxalq təhlükəsizlik şərtləri formalaşmaqdadır. Artıq süni manevrlər sahəsi də daralır. Ermənistan rəhbərliyinin hərəkətlərini nə Vaşinqton və Paris, nə Brüssel və Moskva qəbul etmir. Buna görə də Varşava sammiti Azərbaycan üçün çox uğurlu, Ermənistan üçün isə faciəvi olub. Azərbaycan Prezidenti müstəqil siyasətinin bəhrələrini görürsə, Ermənistan rejiminin başçısı kölə psixologiyasının yaratdığı ziddiyyətlər içində çapalayır!

Newtimes.az

Paylaş:
407

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər