Səfir: Hər zamankı kimi, Türkiyənin yanında olduğuna görə xalqınıza, xüsusilə İlham Əliyevə təşəkkür edirəm
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı mətbuat konfransı keçirib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, səfir deyib ki, dövlət çevrilişinə cəhd edən terrorçular Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi.
Xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar da dövlətin yanında oldu. Beləliklə, Türkiyədə demokratiya qələbə qazandı.
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə xalqımıza, xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib. “15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımı bildirirəm”, – deyə səfir vurğulayıb.
İsmayıl Alper Coşqun təəssüflə qeyd edib ki, bəzi ölkələrdə Türkiyədəki hadisələrlə bağlı dezinformasiya hallarına da rast gəlinib. O bildirib ki, Türkiyə 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Bu hadisələrdən sonra Türkiyənin zəifləyə biləcəyini fikirləşən düşmənlərimiz yanılırlar.
Səfir çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. O deyib ki, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizədə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də Fətullahçı Terror Təşkilatı – FETÖ olduğunu bildirib: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Diqqətə çatdırılıb ki, hadisə nəticəsində 240-dan çox insan şəhid olub, 1500-dən çox yaralı var, 104 qiyamçı öldürülüb. Dövlət qurumlarından 60 min nəfər işdən çıxarılıb, 6823 şəxs saxlanılıb, onlardan 1400-ü həbs edilib. Bütün araşdırmalar hüquq müstəvisində aparılır.
Qeyd edilib ki, iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra ölkədə 3 ay fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul olunub. Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcəyi təqdirdə 3 aylıq fövqəladə vəziyyət elan edilməsi barədə qərar iyulun 21-də axşam qüvvəyə minəcək. Fövqəladə vəziyyət vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib. Məqsəd Silahlı Qüvvələrdəki bütün virusları təmizləməkdir. Fövqəladə vəziyyətin tətbiqi dövlət mexanizminin nizamlanmasının sürətləndirilməsinə və konstitusion nizamın qorunmasına, eyni zamanda, terror təşkilatının ünsürlərinin aradan qaldırılmasına yönəlib.
1news.az