Mübariz Əhmədoğlu: Sarkisyanın 8 illik prezidentliyi erməniləri hətta arzulamaq imkanından məhrum etdi
8 illik prezidentliyi dövründə Serj Sarkisyanın uğurlarını tapmaqda çətinlik çəkirik. Bu məsələdə həqiqətən bizim ermənilərin köməyinə ehtiyacımız var. 2007-ci ildə artıq S.Sarkisyan Ermənistanın baş naziri idi. Dəqiq bəlli idi ki, Qarabağ klanı Ermənistanda prezidentliyi “irsən” ötürəcək. S.Sarkisyan R.Köçəryanın yaxını kimi prezidentliyə yiyələnəcək.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanla bağlı son prosesləri şərh edərkən deyib.
Politoloqun fikrincə, 2008 ci ildən S.Sarkisyanın Ermənistanda, dünya erməniliyinin həyatında yaratdığı hər hansı bir uğura rast gəlməmişik:
“Yeganə uğur hesab oluna bilən şey ondan ibarətdir ki, Köçəryanın dövründə Ermənistanda müəyyən iqtisadi sabitlik, müəyyən iqtisadi inkişaf olsa da, ümumilikdə Ermənistanın dövlət büdcəsi təxminən 1 milyard dollar idi. S.Sarkisyanın hakimiyyətə gəldiyi birinci ildə Ermənistanın dövlət büdcəsinin rəqəmi birdən-birə iki dəfə artdı və 2 milyard dollar oldu. Sonrakı 7 il ərzində Ermənistanın dövlət büdcəsi hələ ki, 3 milyard dollara demək olar ki, çatmayıb.
2008-ci ildə Ermənistanın xarici borcu 600 milyon dollar idi. İndi isə Ermənistanın daxili və xarici borcu təxminən 8 milyard dollara yaxındır. Bunun 5 milyard dolları xarici borcdur və indi Ermənistan xarici borcun faizini ödəməkdə hər ay 57 milyon dollar kəsirə malikdir”.
M.Əhmədoğlu bildirib ki, 8 illik fəaliyyəti dövründə ER prezidenti S.Sarkisyan Dağlıq Qarabağla bağlı heç bir vədini yerinə yetirə bilmədi:
“Dağlıq Qarabağda vəziyyət dəyişməz qalıb. Ermənistan dövlətini söküb, onun qalıqlarını Dağlıq Qarabağa xərcləməklə, müəyyən sabitlik yarada biliblər. Bu da formal göstəricidir. Çünki artıq Ermənistanda baş verən digər proseslər Qarabağa təsir eləməyə başlayıb. İlk növbədə miqrasiya problemini qeyd etmək lazımdır. Ermənistan əhalisi ölkəni tərk edir. Ümumilikdə Ermənistan əhalisinin sayı rəsmi rəqəmlərə görə, artıq 3 milyondan aşağı düşüb, 2 milyon 995 min nəfərdir və Ermənistandakı miqrasiya Dağlıq Qarabağ ermənilərinə də təsir edib. Onların yeni miqrasiya dalğası başlayıb. Bütün vacib demoqrafik parametrlər artıq neqativ istiqamətdədir”.
Politoloq qeyd edib ki, nələri uğur hesab etmək olar?! Bu hesab olunan uğurlar yalnız şərti anlamdadır:
“S.Sarkisyan 2009-cu ildə Ermənistanı Aİ-nin “Şərq tərəfdaşlığı” proqrqmına qatdı. Bir az dəqiqləşdirək: Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı Ermənistan prezidentinin xüsusi aktivliyi ilə ortalığa qoyulmuş bir proqram idi. Sonradan bəlli oldu ki, S.Sarkisyan Azərbaycanın bu proqrama qoşulmasına kəskin etirazını bildirib. S.Sarkisyanın anlamında bu proqram Avropa sivilizasiyası üçündür.
Bunun da mahiyyəti ondan ibarətdir ki, Azərbaycan kimi müsəlman dövləti orda olmamalıdır. O cümlədən Rusiya Avropa sivilizasiyasının tərkib hissəsi deyil. Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində S.Sarkisyan Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsini gündəliyə gətirdi”.
M.Əhmədoğlu bildirib ki, Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində gedən müzakirələrdə S.Sarkisyan üzərinə götürdüyü öhdəliklər barədə mətbuata açıqlamalar verdi:
“Bəlli oldu ki, ermənilər şüurlu şəkildə SSRİ-nin dağılmasında iştirak ediblər. Sən demə, bunun üçün ermənilərin əlində müəyyən tarixi əsaslar olub. S.Sarkisyanın dilindən bəlli oldu ki, ermənilər üçün SSRİ dövrü cəhənnəm olub. Bütün dünyadakı ermənilərin cəmi bir generalı olduğu halda, SSRİ dövründə erməni mənşəli 60 general və marşal olub. Böyük əksəriyyəti kabab, konyak generalı olsa da,rəqəm diqqəti çəkir. SSRİ-dən, Rusiyadan kənarda bütün dünyada ermənilərin cəmi bir milyarderi olub-Kir Kirkoryan. Amma Moskva isə 6 ermənini milyarder edib. Belə dövləti S.Sarkisyan ermənilər üçün cəhənnəm hesab edir. Yəni, əslində S.Sarkisyanın rus xalqına, dövlətçiliyinə münasibəti burda hər şeydən bəlli olur”.
Politoloqun fikrincə, bəlli olur ki, Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində S.Sarkisyan Avropa dövlətlərinin liderləri ilə Şimali Qafqazdakı prosesləri ciddi sürətdə müzakirə etdi. Ermənstanın Şimali Qafqaza dini, etniki və coğrafi baxımından heç bir bağlılığı yoxdur:
“Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı inkişaf etsəydi, hökmən Rusiyanın Şimali Qafqazı “partlamalı” idi. Hətta çox maraqlı bir faktdır ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Şimali Qafqazda S.Sarkisyan ın göstərişi ilə ermənilər məscid tikdilər. Ermənilər müsəlmanların diqqətini cəlb etmək üçün bu işi gördülər ki, gələcəkdə Şimali Qafqazda özlərinin destruktiv planlarını reallaşdıra bilsinlər. Güclü antiRusiya addımlardan biri kimi Ermənistan prezidentinə bağlı ABŞ-dakı qruplar “çərkəz soyqırımının” tanınmasını aktuallaşdırdılar.
S.Sarkisyan Suriya üzrə konkret mövqe formalaşdıra bilmədi. Rusiyanın Suriya planını dəstəkləmədi, ABŞ-ın planını dəstəklədi. Hətta Rusiya mətbuatı 2014-cü ilin Kəsab hadisələrini ikinci “erməni soyqırımı” adlandırmasına baxmayaraq, S.Sarkisyan onlara dəstək vermədi.
S.Sarkisyanın ən cəsarətli addımı isə erməni qriqorianlığını satışa çıxarmasıdır. Roma Papası “erməni soyqırımını” cəmi bir il müddətinə tanıdı, əvəzində ermənilər onlar üçün katolisizmin qriqorianlıqdan üstün olduğunu qəbul etdilər. Qümridə tikilmiş katolik kilsəsi təkcə Ermənistanda deyil, Gürcüstan, Rusiya, Türkiyə və Şərqi Avropada prozelitizmlə məşğul olur.
Erməni etnokriminallığı inkişafının ən güclü mərhələsindədir və sivil dünyanı bürüyüb. 8 il ərzində erməni diasporunun Ermənistana qoyduğu külli miqdarda pul, vəsait batıb. Çoxlu miqdarda diaspor təmsilçiləri Ermənistana gəliblər, məyus olub geri qayıdıblar. ER prezidenti 2015-ci ildə Ufada keçirilən AİB, ŞƏT və BRİKS-in birgə sammitində iştirak edərkən sanki özünü İranın rəsmisi kimi apardı. İranın sanksiya götürüldükdən sonra Ermənistanı xilas edəcəyi barədə geniş məruzə elədi. Artıq bu gün demək mümkündür ki, İran-Ermənistan dəmir yolu mifdir. İran Ermənistanın üzərindən qaz tranziti reallaşdıra bilməyəcək. Bakıdakı üçtərəfli sammit bütün ermənilərin bu arzularının hamısının üstündən xətt çəkdi. Ermənistanın hətta arzulamağa bir şeyi qalmayıb. S.Sarkisyan ın 8 illik hakimiyyəti Ermənistanı hətta arzulamaq imkanından məhrum etdi.
Belə rəhbərə inanıb, bundan sonra da Dağlıq Qarabağ məsələsində erməni xalqı əvvəlki siyasəti davam etdirəcəksə, bu yalnız erməni xalqının özünün mif əsarətində olduğunun daha bir sübutudur”.
1news.az