ANAMA: Ağcabədidə partlamamış qrad raketi, Ağstafada top mərmisi aşkarlanıb - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 17-də üç əkin və bir otlaq sahəsində 7 partlayış yerinə baxış keçiriblər. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində “9M22U” bir qrad raketi, Ağstafa rayonunun Qırlı kəndində 122 millimetrlik top mərmisi, Tərtər rayonunun Həsənqaya kəndində partlamış hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb. Gün ərzində 15,5 min kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-dan verilən xəbərə görə, agentlik tərəfindən aprelin 7-dən avqustun 17-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində ümumilikdə 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, şərab zavoduna və çınqıl karxanasına baxış olub. Nəticədə 3472 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 31 mina aşkar edilərək zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az