Millət vəkili: “Bəzi mətbuat orqanlarında kimin kimdən xoşu gəlmirsə, onu gülənçi kimi damğalayır”
“Azərbaycan mediasında “Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir. MTN hadisələrində olduğu kimi bəzi mətbuat orqanlarında kimin kimdən xoşu gəlmirsə, onu gülənçi, nurçu kimi damğalayır. Bu, narahatedici haldır”.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər mövcuddur:
“Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda nələr baş verə bilərdi? Bu bizi çox düşündürür. Hələ “Əkinçi” qəzeti öz dəyərlərini müəyyənləşdirərkən, dünyəviliyə böyük önəm verdi. Azərbaycan mediası mahiyyətcə millidir. Azərbaycanda mediasında dini ayrı- seçkiliklə bağlı yazılara çox nadir hallarda rast gəlinir. Azərbaycan jurnalistləri bu gün öz sələflərinin yolu ilə gedirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, bəzi hallarda dini məsələlərlə bağlı ayrı-seçkiliklərə yol verilir. Buna yol vermək olmaz”.
1news.az