Meşələrdə yanğın törədənlər və təbiəti çirkləndirənlər yeni qaydalarla cəzalandırılacaqlar - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal yerində araşdırılıb.
1news.az nazirliyə istinadən xəəbər verir ki,şikayətçilərin iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.
Araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkarlanıb.
Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Lakin araşdırma zamanı meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb.
Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb:
“Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlər tərəfindən atılıb”.
Şikayətçilər və kənd sakinləri isə bildiriblər:
“Belələri bütün ilboyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. Onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil”.
Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinə, Nabran bələdiyyəsinə, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama polis bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.
Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də, bir qrup “təbiətsevər” tərəfindən, guya avropasayağı istirahət adı ilə meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə fəaliyyəti nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir. Yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur. Ona görə də təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.
Belə ki, ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən İnzibati Xətalar Məcəlləsinin meşə fondu torpaqlarının zibillənməsi və korlanması, həmçinin yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddələri ilə cərimələr tətbiq ediləcək, əməllərində cinayət tərkibi təsdiq olunacağı təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Bununla belə, cari ilin iyul-avqust aylarında təkcə Müqtədir-Nabran ərazilərində bərk məişət tullantılarının idarə olunmamasına görə dörd nəfər fiziki şəxs barəsində ayrı-ayrılıqda müxtəlif inzibati cəza tədbirləri görülüb və cərimə tətbiq edilib.
1news.az