Azərbaycanda bəzi siqaretlər bahalaşıb
Bu gündən bəzi siqaretlərin qiymətlərində 20-40 qəpik civarında artım müşahidə olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, pərakəndə satışla məşğul olanlar bahalaşmanı firmaların siqaretlərin qiymətini artırması ilə izah edir.
Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Siqaret idxalı və istehsalı ilə məşğul olan firmalardan bildirilib ki, ölkəyə gətirilən bəzi siqaretlər dolların məzənnəsinin yüksəlməsi ilə əlaqədar olaraq bahalaşıb:
“İdxal olunan siqaretlər birbaşa dolların məzənnəsinə bağlıdır. İdxalçılar buna görə də qiymətlərdə müəyyən artıma məcbur oldular. Amma idxal olunan siqaretlərin heç də hamısında bahalaşma yoxdur. Məsələn, “West”in 4 növü üzrə qiymətlər artıb, 2 növü üzrə isə sabit qalıb”.
Azərbaycanın tütün məmulatları istehsalçısı olan “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib ki, şirkət istehsal etdiyi məhsulların qiymətini artırmayıb:
“Son 2-3 ayda elə siqaretlər var ki, onlar nəinki bahalaşmayıb, əksinə ucuzlaşıb. Məsələn “Classic” siqaretinin qiyməti əvvəllər 2 manat, 1,80 manat idi, indi 1,40 manatadır. “West”in qiyməti 2,30 manatdan 1,50 manata enib. “Prima” və “Viceroy”un bir qutusunun qiyməti 2 manatdan 1,40 manata, sonradan isə hətta 1,20 manata enib. 7 sinifdən ibarət bu markalı siqaretlər indi də 2 ay əvvəlki qiymətə satılır. Digər siqaretlər bahalaşsa da, bunların qiyməti artırılmayıb”.
R. Quliyev əlavə edib ki, siqaretin istehsalında tələb olunan, xaricdən gətirilən məhsullarda bahalaşma olsa da, şirkət qiymətləri artırmayıb:
“Biz istehsal qiymətini qaldırmamağa çalışırıq. Biz xaricdəki müəssisələrə deyirik ki, yerli istehsal olduğunu nəzərə alın. Qiymətlər ciddi fərq olmayanda müəyyən qədər qiymətləri tənzimləmək mümkün olur. Bilirsiniz ki, istehsalçı şirkətlə son satıcı arasında bir neçə vasitəçi var. Yəni, məhsulu istehsalçı şirkətdən topdansatışla məşğul olanlar alır. Onlardan isə həmin məhsulu dükan, mağaza və supermarketlər alır”.
Qeyd edək ki, daxili bazarı tütün məmulatları ilə təmin edən "Japan Tobacco International" və “British American Tobacco”nun Azərbaycan nümayəndəliyindən siqaretlərin qiymətlərində dəyişikliklə bağlı sorğuya heç bir şərh verilməyib.
“Imperial Tobacco Group Company”nin Azərbaycan nümayəndəliyindən isə bildirildi ki, şirkət sabah gün ərzində siqaretin bahalaşması ilə bağlı məsələyə münasibət bildiriləcək.
1news.az