Əmlak Məsələləri Dövlət Komitəsi 51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib
Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib.
1news.az-a ƏMDK-dan bildirilib ki, komitə tərəfindən bu həftə elan edilən səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə pul, habelə kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı hərraclarda, ümumilikdə, 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.
Kiçik dövlət müəssisə və obyektlərin özəlləşdirilməsi ilə bağlı elan edilən hərraca isə Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, Daşkəsən, Qəbələ, Xaçmaz, Qax və Oğuz rayonunda yerləşən 26 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr vardır.
Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən fotomateriallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.
Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc edilir və emdk.gov.az saytında yerləşdirilir.
Bu hərraclar 27 sentyabr saat 11:00-da keçiriləcək. Hərraclarda iştirak etmək üçün elektron qaydada da sifariş göndərmək mümkündür.
Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.
1news.az