Azər Qərib qəzaya düşən turistlərdən yazdı: “Azərbaycan yol qəzaları ilə tanınsa…”
Bir neçə gün öncə Qəbələdən Bakıya gələrkən Ağsuda ərəb turistlərin olduğu avtobus qəzaya uğramışdı.
1news.az xəbər verir ki, son zamanlar qəzaların artması yerli vətəndaşlarla yanaşı, ölkəmizə gələn turistləri də təlaşlandırır.
Sürücülərin hazırlıq səviyyəsi, yol mədəniyyəti və qaydalara əməl etmə kimi qaydalar bir daha gündəmə gəlib.
Bu barədə tanınmış aparıcı Azər Qərib də “Facebook”da geniş şərh yazıb:
“Azərbaycanda sürücülük mədəniyətinin səviyəsi hamıya məlumdur.
Adicə taksiyə minirsən, başlayır Şumaxerlik etməyə, elə sürür, elə bil 2 dəqiqə gec çatsa, Monika Beluççi bunu evində gözləməyib, başqası ilə gedəcək.
Neçə dəfə olub, demişəm ki, ay qardaş, mənim tələsən yerim yoxdur, biraz asta sür, nə xəbərdir, qoymusan üstünə?
Dünən turistlərlə dolu avtobus dərəyə aşıb, gecə vaxtı, Qəbələdən Bakıya dönəndə.
Bu vaxta qədər yol qəzaları ilə ən çox tanınan Misir idi, hər il nə qədər turist həlak olurdu. Nəyə görə? Ona görə ki, təhlükəsizlik qaydalarına riayət edən yox idi.
Azər Qərib Azərbaycana turist axınının olduğunu xatırladaraq onları qəbul edən şirkətlərin çox diqqətli olmalı olduğunu bildirib:
“Hal hazırda, tələbatı görüb, zirək adamlar gedib hərəsi bir mikroavtobus alır, və turizm şirkətləri ilə işləməyə başlayır.
Onların nə psixolojı, nə fiziki durumunu yoxlayan var, nə avtomobillərinin texniki səviyəsini. Nə də bir məhdudiyət var, kim saat neçədə istəyir, yola çıxır. Bizim şəhərarası yollarda günorta sürmək ekstrimdir, o da qalmışdır gecə.
Hesab edirəm ki, bu sahədə nəzarət artmalıdır. Baku Bus şirkətinin yaradılması Bakını hayasız sürücülərdən, nasaz avtobuslardan, ictimai nəqliyatın “bespredel”-indən xilas etdi, nisbi də olsa. Həmin addımları burada da görmək lazımdır.
Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, bu məsələyə ciddi münasibət olmalıdır.
Azərbaycan yol qəzaları ilə tanınsa, buraya gələn xeyli azalacaq...”
Fərid Ədalət