Azərbaycan Prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışında iştirak edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışında iştirak edib

21:05 - 01 / 09 / 2016
Azərbaycan Prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışında iştirak edib

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FIDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.

Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.

Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.

Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.

Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Dövlətimizin başçısı İlham Əliyevin Olimpiada iştirakçılarına məktubunda əminliklə bildirilir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq. Məktubda deyilir ki, Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılan mühüm addımdır. Bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək.

Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək.

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış etdi.

Sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan etdi.

Açılış mərasiminin təşkilatçısı - Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı olan “Amapola Exclusive Events” şirkəti layihə üzrə tərəfdaşlarla birlikdə tamaşaçılara parlaq video-meppinq proyeksiyaları, milli və müasir rəqslər, 176 nağaraçının müşayiət etdiyi bayraqlar paradından ibarət möhtəşəm və heyrətamiz tamaşa təqdim etdi.

Video-meppinq proyeksiyasında şahmatın yaranması rəngarəng səhnələrlə canlandırılır, şahmat fiqurları ölkəmizin rəmzlərinə və Azərbaycanın görməli yerlərinə çevrilirdi.

Tamaşaçılar improvizə olunmuş şahmat dünyasına “səyahət edərək” Azərbaycan musiqisinin korifeyləri, böyük bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun musiqilərinin sədaları altında canlı ağ və qara fiqurların oyunda qızğın rəqabət və əbədi mübarizə ilə teatrlaşdırılmış rəqs şousunu izlədilər.

Azərbaycanın qədim xalçaçılıq sənəti prosesində yaradılmış “Dünya kimi əbədi oyun” meppinqi Milli Gimnastika Arenasının meydançasını nəhəng rəsm əsərinə çevirdi. Onların canlanmış ornamentləri keçmişimizin və bu günümüzün tarixi və gözəl ənənələrini təcəssüm etdirirdi.

Şahmat Olimpiadasında iştirakçı ölkələrin bayraqları “Biz dünyayıq” devizi altında arenaya gətirildi. Bu vaxt səhnə kompleksi Olimpiadanın iştirakçı ölkələrinin sərhəd cizgilərinin əks olunduğu nəhəng xəritəyə çevrildi. Yer Kürəsinin sürətli fırlanması paralel olaraq, coşqun musiqi ritmləri və Azərbaycanın ənənəvi musiqi aləti - nağara zərbələrinin sədaları altında 176 nağaraçının iştirakı ilə bayraqların paradı oldu.

Bütün olimpiadalarda ən həyəcanlı anlardan biri də püşkatmadır. Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov içərisində qara və ya ağ fiqurun olduğu imitasiya olunmuş şahmat fiqurunun içərisindən iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən etdi.

Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatdı.

Həmişəcavan Bakıda əbədi oyun başlayır. Şaquli ekranda şahmat saatı təsvir edilib. Piyada ilk gedişi (Е2-Е4) edir və göstərir ki, qalan gedişləri qrossmeysterlər etməlidir. Saatın düyməsi basılır və bununla da Olimpiada açıq elan edilir.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FIDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

1news.az

Paylaş:
738

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər