Mübariz Əhmədoğlu: “Yalnız azərbaycanlılar qayıtdıqdan sonra Ermənistanın normal dövlətə çevriləcək”
Ermənilər digər millətlərin içərisində, dövlətlərin ərazisində yaşayaraq o dövlətin, o xalqın imkanlarından özlərinin inkişafı üçün ən çox qazanmağı bacaran millətdir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Ermənilərin öz dövlətləri içərisində digər millətlərin təmsilçiləri ilə zərrə qədər uyuşmadıqlarını deyən politoloqun sözlərinə görə, ona görə, bu gün Ermənistanda demək olar ki, başqa millətin təmsilçisi yoxdur. Bunu da dünya elitası, ekspertlər çox asanlıqla yoxlaya bilərlər.
İndiki Ermənistanın indi monoetnik, monokonfessional dövlət olduğunu deyən M.Əhmədoğlu azərbaycanlıların Ermənistandan deportasiya olunmasına, eləcə də rusların qovulmasına diqqət çəkib:
“240 minlik azərbaycanlının Ermənistan SSR-dən kütləvi deportasiyası 1987-ci ilin dekabrın 25-də tamamlandı. Ermənistandan qovulan azərbaycanlılar faktoru Sumqayıt hadisələrinin qızışmasında ən aktiv rol oynadı.
Azərbaycanlıları deportasiya etdikdən sonra ermənilər bütün SSRİ məkanında ilk olaraq “Rus İvanı, çemodanını yığışdır” şüarı ilə rusları qovmağa başladı”.
Miflərdən asılılıq, kilsənin müxtəlif cərəyanlarının təsiri erməni cəmiyyətində qeyri-normal düşüncənin dərin kök salmasına səbəb olduğunu deyən politoloq bildirib ki, bütövlükdə xalq, millət haqqında belə fikir söyləmək dünya ekspertləri, dünya elitası arasında ciddi qəbul olunmur:
“Amma istisnalar var. Erməninin yanında “türk” və ya “azərbaycanlı” sözü səslənən kimi bu millətin təmsilçilərinin davranışı tamam dəyişir. Bütün dünya ekspertləri, eləcə də siyasi elitası bunu çox asanlıqla yoxlaya bilər. Ermənistan SSR-də ən böyük iki azlıq azərbaycanlılar və ruslar idi. Beləliklə, ermənilər sayca 1-ci və 2-ci sırada dayanan milli azlıqları qovmaqla öz ölkələrini monoetnik, monokonfessional cəmiyyətə çevirdi.
Ksenofobiya, separatizm “qaynadı”. Məhz bundan sonra Ermənistanın dövlət olaraq da inkişafı yoxdur. Ermənistanın iqtisadiyyatına külli miqdarda pul xərclənsə də, Ermənistanda iqtisadi inkişaf yoxdur. Əksinə, iqtisadi geriləmə var. Ermənistan dünya cəmiyyəti içərisində dövlət olaraq özünə yer tuta bilməyib. Millət olaraq geriləyir, dini, mənəvi-əxlaqi proseslər geriləyir.
Bu geriləmələrin qarşısını almaqdan ötrü Ermənistandan qovulmuş azərbaycanlıların və rusların Ermənistana qayıtması vacib şərtdir. Yalnız bundan sonra Ermənistan normal dövlət olacaq”.
1news.az