TQDK-nın test tapşırıqlarını qanunsuz yayan şəxs cəzalandırılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir.
1news.az TQDK-ya istinadən xəbər verir ki, qurumun keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.
Bildirilib ki, bu il martın 6-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. O, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.
Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub. Əvvəlki illərdə keçirilən magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə edilir.
Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna zərər vurub. R. Şərifov TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarını qanunsuz yayması müəllif hüquqlarının pozulmasıdır.
Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” Jurnalı Redaksiyası R. Şərifova qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iclasında cavabdeh izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.
Yekunda Zərdab Rayon Məhkəməsinin iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “ Abituriyent” jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması R. Şərifova qadağan edilməsi, iddiaçı TQDK-nın müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdehdən 2500 ( iki min beş yüz ) manat məbləğində pul tutularaq komissiyaya ödənilməsi, “Abituriyent” jurnalı redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdehdən 2500 ( iki min beş yüz) manat məbləğində pul tutularaq “Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi, məhkəmə qətnaməsinin cavabdehin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.
1news.az