Natiq Cəfərli azadlığa buraxılıb
“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.
Bu barədə vəkil Cavad Cavadlı APA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.
N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib.
“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
APA