Skamyada yatan qız və ya vətəndaşımıza niyə sahib çıxmırıq? – FOTO
Yəqin ki, bir çoxlarınız parklarda, küçələrin qaranlıq yerlərində, tində-bucaqda, restoranların qarşısında yatan evsiz insanları çox görmüsünüz.
Bəzilərimiz ürək ağrısı ilə izləmişik, amma “Əlimdən heç nə gəlməz” deyə düşünərək ayaq saxlamadan yanında ötüb keçmişik. Bəzilərimiz isə yaxınlaşaraq biraz söhbət edib, mağazadan yeməyə nəsə alıb vermişik.
Əksəriyyəti ya evdən atılan yaşlılar, ya da uşaq evlərindən çıxan gənclərdir. İndi belə insanların sırasına bir neçə gün öncə bir gənc qız daha qatılıb. Uşaq evində böyüyüb. 18 yaşı tamam olduğu üçün oradan məzun ediblər. Bunu “Facebook” istifadəçisi Dəyanət Babayev yazıb.
O deyir ki, qızı Nərimanov parkında görüb. Qıza yaxınlaşıb və qısa tarixçəsini öyrənib. Məlum olub ki, qız uşaq evindən çıxandan sonra kirayə ev tutub, amma bir müddətdən sonra pulu ödəyə bilmədiyi üçün evdən çıxmaq məcburiyyətində qalıb. İş axtarıb, amma tapa bilməyib. Bu ammalar çox olunca, o da çıxış yolunu parkda gecələməkdə görüb.
Yəni, özünə çətin yol seçib. Bir çox kimsəsiz qız kimi məcburi seçim qarşısında qalaraq asan yolu – fahişəliyi seçməyib. Bu qız ümid edir ki, insaflı bir insan çıxıb onu işlə təmin edər, ya da başını saxlamağa kiçik, amma ən azından parkda skamya üstündən daha yaxşı olacaq bir evdə qalmağına yardımçı olar.
Bəlkə də o insanlardan biri də bu yazını oxuyan sizlərsiniz. Oturub gözləməyək ki, kimsə ona yardım etsin. Əgər imkanımız varsa, heç kimi gözləmədən ona yardım edək. Yaxşılıq etməkdə bir-birimizlə yarışaq.
Əlbəttə ki, biz də boş oturmadıq. Maraqlandıq, soraqlaşdıq ki, həmin qız 1-2 gündür parkda görünmür.
Məsələ ilə bağlı adının açıqlanmasını istəməyən QHT-lərdən biri ilə əlaqə saxladıq. Məsələni diqqətdə saxladıqlarını deyən QHT rəhbəri deyir ki, qızı tapmaq üçün polisə müraciət edilib. Əgər tapılsa Dövlət Sosial Müdafiə Fonduna da müraciət ediləcək ki, həmin qıza dəstək göstərilsin. Ümid edirik ki, tapılar və deyilənlər həyata keçər.
Amma biz yenə də gözləməyək. Aşağıda fotosunu gördüyünüz qız Nərimanov civarında ola bilsin qarşınıza çıxmış olar. Edə biləcəyiniz dəstək varsa yaxınlaşın və köməyinizi əsirgəməyin. Birinin o qızın başına pislik gətirməsini gözləməyək. Vətəndaşımıza sahib çıxaq. Sahib çıxaq ki, insanlara dəyərli olduğunu və dəyərli olduğumuzu hiss etdirək.
İnternat və uşaq evlərini bitirən gənclərin maddi problemləri bir tərəfə, ünsiyyətə və qayğıya ehtiyacları daha çoxdur. Onların ən böyük çətinliyi cəmiyyətin belə gəncləri öz aralarına qəbul etməməsidir. Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində, hətta inkişaf etmiş ölkələrdə belə internat və uşaq evini bitirən şəxslər cəmiyyət tərəfindən ayrı- seçkiliyə məruz qalır.
Əksər valideynlər belə gəncləri cəmiyyətdən təcrid edir, bəzən isə uşaq yaşlarından öz övladlarına psixoloji təsir göstərirlər. Bu da belə insanlarda psixoloji problemlərin yaranması ilə müşahidə olunur. Digər hallarda isə insanlar internat və uşaq evlərini bitirən gənclərlə yazıq, köməksiz biri kimi rəftar edirlər. Bu isə onların özünə qapanması və insanlardan uzaqlaşmasına gətirib çıxarır.
Bu baxımdan internat və uşaq evini bitirən gənclərin digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtarmalarına çalışmaq hər bir şəxsin borcudur. Bunun üçün mütəmadi olaraq bu gənclərlə ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
Fərid Ədalət