AMEA prezidenti akademiyanın magistrları ilə görüşüb – FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın magistrantları ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan AMEA rəhbəri magistrantlara yeni dərs ilində uğurlar arzulayıb. Akademik AMEA-da magistratura təhsilinin təşkilinin əhəmiyyətindən danışıb, bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib.
1news.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, akademiyada təhsil alan magistrantlar beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. Həmçinin akademiyada onların elmlə məşğul olmaları üçün hər cür şərait yaradılıb.
Bu il AMEA-nın magistratura pilləsinə qəbulun nəticələrini açıqlayan akademik Akif Əlizadə qeyd edib ki, 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistrantı adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün cari il ümumilikdə 600-dən çox ərizə verilib.
Tədbirdə AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə akademiyada geniş islahatlar aparıldığını söyləyib. Vurğulanıb ki, AMEA-nın tarixində ilk dəfə ötən il akademiyada ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığının bariz nümunəsidir.
Sonra AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.
Sonda çıxış edən magistrlər və onların valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
1news.az