XİN “Euronews” əməkdaşlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərini şərh edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Euronews" kanalının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar İnsider proqramında hazırladığı verilişi və işğal olunmuş Azərbaycan ərazilərinə səfərini şərh edib.
1news.az-ın məlumatına görə, H. Hacıyev APA-ya açıqlamasında bildirib ki, verilişdə bir sıra təhriflərə və yanlışlıqlara yol verilsə də, qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin vəziyyəti və münaqişə ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının da baxışları əksini tapıb:
“Xocalı soyqırımını yaşamış məcburi köçkünlərlə jurnalistin görüşü baş tutsa da, təəssüf ki, verilişdə onların baxışlarına yer verilməyib.
"Euronews"un çəkiliş qrupu ölkəmizdə yerli və xarici KİV nümayəndələri üçün təmin olunmuş azad mətbuat mühitindən istifadə edərək XİN-in xarici media nümayəndələri üçün verdiyi akkreditasiya sənədi əsasında ölkəmizin ərazisində, o cümlədən işğal olunmuş torpaqlarda peşəkar fəaliyyətini həyata keçirib.
Amma qeyd etmək lazımdır ki, bu proqramın hazırlanması prosesində "Euronews" kanalının beynəlxalq məsələlər üzrə müxbiri Valerie Gauriat və operatoru Bruno Lappierre Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini və ölkəmizin qanun və qaydalarına hörmət və riayət etdiklərini bildiriblər. "Euronews" nümayəndələri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər niyyətinin separatizmin hər hansı formasının və ya işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin təbliğinə və ya qanuniləşdirilməsinə xidmət etmədiyini ifadə ediblər. Bu minvalla, onlar "Euronews" kanalının İnsider proqramı üzrə çəkiliş aparmaq üçün işğal olunmuş Azərbaycan ərazilərinə səfər məqsədilə ölkəmizin icazəsini və müvafiq akkreditasiyasını xahiş ediblər.
"Euronews"un çəkiliş qrupu ölkəmizdə yerli və xarici KİV nümayəndələri üçün təmin olunmuş azad mətbuat mühitindən istifadə edərək XİN-in xarici media nümayəndələri üçün verdiyi akkreditasiya sənədi əsasında ölkəmizin ərazisində, o cümlədən işğal olunmuş torpaqlarda peşəkar fəaliyyətini həyata keçirib.
Qeyd etdiyimiz kimi, verilişin mahiyyətində razılaşmadığımız bir sıra məqamlar olsa da, "Euronews" kanalının çəkiliş qrupu Azərbaycanın qanunlarına və qaydalarına uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. Son aylar ərzində Aljazeera Arabic, Polşanın İctimai Televiziyası, Ukraynanın İCTV kanalı və digər beynəlxalq media nümayəndələri məhz Azərbaycanın icazəsi və müvafiq akkreditasiya sənədi əsasında işğal olunmuş Azərbaycan ərazilərinə səfər ediblər".
1news.az