Tərtərdə Qrad raketinin mühərrik hissəsi tapılıb – FOTO
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Tərtər şəhərində qazıntı işləri aparılan küçədə bir təhlükəli əraziyə baxış keçiriblər.
Adıçəkilən qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, baxış keçirilən zaman həmin ərazidən 1 ədəd partlamamış hərbi sursat (9M22U Qrad raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.
Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 19 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 480 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
1news.az