Mübariz Əhmədoğlu: Azərbaycan İran-Ermənistan münasibətlərini öz xeyrinə çevirmək imkanındadır
İranın region siyasətində yenidən tələskənlik müşahidə olunur. İranın Ermənistandakı səfiri Seyid Kazım Səcadinin İSNA informasiya agentliyinə verdiyi müsahibədən başa düşülür ki, prezident Həsən Ruhaninin Ermənistana səfəri hazırlanır. Səfər tezliklə baş tutmalı və İran-Ermənistan münasibətlərində dönüş yaratmalıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İran-Ermənistan münasibətlərini şərh edərkən deyib:
“Ermənistan isə hələ bu səfəri arzulamır; Ermənistan İranı elə hala gətirib ki, İran Ermənistanın iştirakı olmadan da Qarabağ məsələsində Ermənistanın maraqlarının daşıyıcısına çevrilə bilər. Ermənistan İranın siyasətində məhz bu dönüşü gözləyir. Dağlıq Qarabağın təmsilcilərin müstəqil tərəf kimi “Tehran olimpiadasında” iştirakı bunu təsdiqidir. İranın siyasətinə bələd olanlar bilir ki, bunu Tehran özü təşkil edib. İrana Dağlıq Qarabağın 1 saatlıq da olsa müstəqil görünməsi lazım idi”.
Politoloq qeyd edib ki, Ermənistanın da əsas taktikası İran vasitəsilə Azərbaycan üçün təzyiq mexanizmi yaratmaqdır:
“İranın Naxçıvan vasitəsilə Ermənistanla dəmiryolu əlaqəsini bərpa etmək niyyətinin belə təzyiq elementinə çevrilmə ehtimalı var. Naxçıvan Azərbaycan respublikasının ərazisidir, belə məsələləri rəsmi Bakı həll edir. Rəsmi Bakının icazəsi olmadan Ermənistan qatarlarının Naxçıvan ərazisinə girməsi mümkün deyil. Rəsmi Bakının icazəsini almaq üçün Ermənistan qoşunlarını işğal altında olan Azərbaycan ərazilərindən çıxarmalıdır.
Ermənistan buna hazırlaşmır. Ermənistan Naxçıvan dəmir yolu vasitəsilə İranla birləşməyəcək. İran Azərbaycana təzyiq eləməlidir ki, Azərbaycan ərazi bütövlüyü prinsipi razılaşdırılmadan və yaxud Dağlıq Qarabağ tənzimlənməsi razılaşdırılmadan Ermənistan Azərbaycan qatarlarının Naxçıvan vasitəsilə İrana gedib-gəlməsinə icazə versin. İranın yüksək rəsmiləri isə Ermənistandan Naxçıvana və ya tərsinə dəmiryolu marşurutu mövzusunu aktuallaşdırıblar. Belə İran Azərbaycanı günahlandırmağa hazırlaşır”.
M.Əhmədoğlu bildirib ki, İranın müəyyən qüvvələrinin Azərbaycana qarşı siyasətində müəyyən tələskənlik var:
“Azərbaycanın daxilində baş verən bəzi aktivliklər və siyasi proseslər bunu nümayiş etdirir.
İran və Ermənistan bəzi məsələləri nəzərə almalıdırlar. Hər iki dövlətin siyasəti üçün məntiq və elmi əsas nonsensdir. Məntiqdən danışmasına baxmayaraq İranın apardığı siyasətdə zərrə qədər məntiq yoxdur. İranın Ermənistanla sərhəd əraziləri azərbaycanlılarla məskunlaşıb. İranın Şimal ərazilərində kifayət qədər ciddi qaz, elektrik enerjisi problemi var. İran isə öz qazını və elektrik enerjisini Ermənistana verir. Bu kontekstdə rəsmi Bakının və yaxud Azərbaycanın ictimai-siyasi mühitinin deməyə sözü var. Kürd kontekstində İran Suriya, İraq və digər dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. XİN müavini H.C.Ənsarinin Moskvada keçirtdiyi mətbuat konfransında bu bəlləndi. İran nəzərə almalıdır ki, biz onun bu bəyanatını artıq qeydə almışıq. Amma bu günədək İranın Ermənistandakı rəsmiləri Dağlıq Qarabağ kontekstindən açıq-aydın şəkildə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstəkləyici bəyanat verməyib. İranın ümumu bəyanatları indi işə yaramır. Əgər kürdlərin aktivliyi İranı ərazi bütövlüyü prinsipini kürd kontekstində dəstəkləməyə vadar edirsə, çıxan məntiqi nəticə ondan ibarətdir ki, İran ərazisindəki azərbaycanlıların aktivliyi İranı Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə vadar edə bilər”.
M.Əhmədoğlu bildirib ki, Ermənistanda da nəzərə alınmalı məsələ var:
“2015-cü ildə Avrasiya İqtisadi Birliyi, ŞƏT və BRİKS-in birgə Ufa şəhərində (Başqırdıstanın, RF) keçirilən sammitində S.Sərkisyan özünü İran məmuru kimi apardı. Sanksiyaların ləğvindən sonra İranın artan iqtisadi imkanlarından və bu imkanların Ermənistana yönələcəyindən danışdı. İndi bu gün Ermənistan baxsın, dəmir yolu və yaxud qaz kəməri layihəsini reallaşdıra bilibmi?! Su-elektrik stansiyaları ilə bağlı niyyətlərini reallaşdıra bilibmi?! Əgər Ermənistan hesab edirsə ki, bu məsələlərdə Azərbaycanın rolu yoxdur, qoy elə belə də düşünsün.
İran-Ermənistan əməkdaşlığı regionu konflikt mənbəyinə çevirməməlidir. Azərbaycan əməkdaşlıqdan qazanmağı bacarır. Bunu müstəqil Azərbaycanın keçdiyi yol sübut edir. Amma Azərbaycan konfliktlərdən də öz maraqları üçün istifadə edə bilər. Bu da İranın və Ermənistanın nəzərə almalı olduğu məsələdir”.
1news.az