Mübariz Əhmədoğlu: ABŞ Qarabağ münaqişəsinin həllində maraqlı deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ABŞ Qarabağ münaqişəsinin həllində maraqlı deyil

13:54 - 20 / 09 / 2016
Mübariz Əhmədoğlu: ABŞ Qarabağ münaqişəsinin həllində maraqlı deyil

ATƏT-in Mink qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ siyasətinin təmsilçisidir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən son hadisələri şərh edərkən deyib.

C.Uorlikin “İnterfaks” agentliyinə verdiyi müsahibəyə diqqət çəkən politoloq bildirib ki, müsahibəsində Uorlikin verdiyi cavablar da məhz ermənilər üçün nəzərdə tutulub:

“C.Uorlikin diplomatik ikibaşlı ifadələrinə alışmışıq. Amma onun S.Sərkisyanın Dağlıq Qarabağa getməsinə həvəslə haqq qazandırması diqqətdən kənarda qalmır. Əgər S.Sərkisyan Dağlıq Qarabağda anadan olduğu üçün ora gedirsə, onda Ermənistanın dünənə qədər baş naziri idi və yaxud eks-baş nazirlər Ovik Abramyan və Tiqran Sərkisyan, eləcə də parlamentin spikeri Qalust Saakyan dəfələrlə Dağlıq Qarabağda olublar. Eləcə müsahibəni götürən jurnalist xanım da məhz erməni prizmasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi detalları təfərrüatlı şəkildə bilir.

M.Əhmədoğlu hesab edir ki, C.Uorlikin birdən-birə MDB sammiti ərəfəsində ortalığa çıxıb bu müsahibəni verməsinin yalnız bir məqsədi var idi- MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə ehtimali görüşünə imkan verməmək. Fikirləri çaşdırmaq, eləcə də təxminən 10 gündən sonra daha vacib görüşün ola biləcəyi görüntüsünü yaratmaq. Uorlik çalışır ki, sentyabrın sonlarında BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri görüşsün və dərhal onun ardınca BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ prezidenti B.Obamanın iştirakı ilə təşkil olunsun. Çünki bu B.Obamanın son şansıdır, prezidentlik dövrü başa çatır:

“Amma C.Uorlik üçün əsas hədəf ümumiyyətlə, prezidentlərin görüşünün baş tutmamasıdır. Çünki prezidentlərin görüşü Dağlıq Qarabağ tənzimlənməsində müəyyən hərəkət yarada bilər. Uorlik ABŞ siyasətinin təmsilçisidir və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. ABŞ başa düşür ki, Rusiyaya qarşı əlavə cəbhələr açılmalıdır. Əlil idmançıların Paralimpiadada iştirakına aşkar şəkildə maneçilik törədən ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində Rusiyaya maneçilik etməyəcəyinə inanmaq absurddur.

ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı ortalığa qoyduğu bütün fikirlər siyasiləşmiş və antirusiya mahiyyətli fikirlərdir. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyini məhz indiki zamanda ona görə qoyub ki, artıq Moskvadakı ermənilər Ermənistan rəhbərliyi ilə birlikdə məqsədyönlü şəkildə aktivləşiblər. Kreml, eləcə də Xarici İşlər Nazirliyi Uorlikin bu tələsinə düşdü və heç bir reaksiya vermədi”.

Rusiya serblərə görə mövqeyini dəyişib

Politoloq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fərqli mövqe tutduğuna da diqqət çəkərək bildirib ki, əgər rəsmi Moskva əvvəl münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı idisə, indi millətlərin öz müqəddəratını təyin etmə prinsipini əsas götürür:

“ABŞ Rusiyanın daxilində işini elə qurub ki, V.Putin Dağlıq Qarabağ məsələsi ilə məşğul ola bilmir. V.Putinin Dağlıq Qarabağ məsələsində passivliyi Rusiya XİN-in aktivləşməsi ilə müşayiət olunur. RF XİN BMT BA-da dünyadakı münaqişələrin az qala millətlərin öz müqəddəratını təyin etmə prinsipi əsasında təmzimlənməsi ilə bağlı bəyanat qəbul etdirməyə çalışır. Rusiya bunadək ərazi bütövlüyü prinsipini dəstəkləyirdi. Onun Suriyada və İraqdakı kürdlərin öz müqəddəratını təyin etməsi ilə bağlı verdiyi rəsmi bəyanatlar bunun sübutudur. Kürdlər öz müqəddəratlarını təyin edə bilərlər. Amma bu İraq və Suriya dövlətlərinin daxilində baş verməlidir. Ərazi bütövlüyü prinsipi pozulmamalıdır. Yalnız son dövrlərdə Rusiya Kosovo serblərinə istinadən millətlərin öz müqəddəratını təyin etmə prinsipini əsas götürdü. Kosovo serblərindən ötrü Rusiya bütövlükdə Yaxın Şərq siyasətini iflasa uğrada bilər. Çünki Rusiyanın başında duran ermənilərin təsiri altında olan siyasətçilər məhz bu qaydada fikirləşir. ABŞ-ın əsas məqsədi millətlərin müqəddəratı prinsipini Rusiyanın daxilinə, Şimali Qafqaza keçirməkdir.

Rusiyanın mövqeyindəki belə dəyişikliklər bizim üçün təəccüblü deyil. Bu günədək Rusiyanın ictimai-siyasi mühitində Qriboyedovun ölümündə, Moskvadakı metroda terror hadisəsində, sovet pulunun saxtalaşdırılmasında, SSRİ-nin dağılmasında ermənilərin ABŞ-ın xüsusi xidmət orqanlarının əlində əlaltı rolu və s. barədə bir dənə də olsun fundamental yazı və yaxud tədqiqat işi yoxdur. Bunlar isə hamısı faktdır. Ən azı bu faktlar heç kəs tərəfindən təkzib olunmayıb, olunması da mümkün deyil. SSRİ-nin dağılmasında ermənilərin iştirakını S.Sərkisyan özü şəxsən Moskva mətbuatına etiraf edib”.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması Rusiya üçün təhlükədir

Rusiyadakı ermənilərin Rusiya hakimiyyətinə təsir etmək prizmasından çox güclü olduqlarını deyən M.Əhmədoğlunun sözlərinə görə, ABŞ bunu bilir və ermənilərin də ABŞ üçün qiyməti məhz bundadır:

“Ona görə Azərbaycandan neft-qaz almasına, Azərbaycanın tranzit imkanlarından yararlanmasına baxmayaraq ABŞ üçün Ermənistan Azərbaycandan daha vacibdir. Amma məsələnin digər tərəfi var ki, hal-hazırda Dağlıq Qarabağ münaqişəsi Suriya problemi kontekstində gündəlikdədir. Suriya problemi kontekstində Dağlıq Qarabağın gündəliyə gəlməsi bu o deyən şeydir ki, Çeçenistan, ümumiyyətlə Şimali Qafqaz məsələsi gündəlikdədir. ABŞ Dağlıq Qarabağ məsələsini Suriya kontekstində yada salmaqla Şimali Qafqaz və Çeçenistanı Rusiyanın yadına saldı.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması hal-hazırda Azərbaycandan çox Rusiya üçün təhlükədir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün təhlükə olsaydı, bəlkə də ABŞ mövqeyini dəyişə bilərdi. Azərbaycanın ABŞ-la münasibətlərində ortalığa qoyulası yeni resursları var. Bu məsələ işlənib hazırlanıb. ABŞ-ın Dağlıq Qarabağ məsələsində əsas məqsədi Azərbaycana deyil, Rusiyaya zərbə vurmaqdır”.

Hərb Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün alternativsiz varianta çevrilir

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi hal-hazırda ABŞ-ın əlində həm Rusiyanın, həm də İranın ərazi bütövlüyünə təhdid yaradan vasitədir. Rusiya və İranın son dövrlərdə yaxınlaşması Dağlıq Qarabağ məsələsini ABŞ üçün bu kontekstdən daha aktual edir:

“Dağlıq Qarabağ tənzimlənməsində son aktivliyi dörd günlük aprel müharibəsi yaratdı və bu aktivlik 22 illik tənzimlənmə dövründə ən yüksək aktivlik idi. S.Sərkisyan hədsiz narahat idi. Almaniyaya qaçdı, müxtəlif, bir-birlərinə zidd bəyanatlar verdi. Təyyarədə verdiyi müsahibədə o bildirib ki, həmsədrləri inandırıb ki, məqsədi Dağlıq Qarabağ tənzimlənməsidir, imitasiya deyil. Status-kvo əbədi deyil, ola bilməz. Eləcə də itirdikləri torpaqla bağlı verdiyi bəyanatda kifayət qədər diqqət çəkib. Ermənistanın bütün rəsmi strukturları, o cümlədən Müdafiə Nazirliyi hətta 200 hektar ərazinin itirilməsi fikri ilə o barışmırdı. Bu fikri səsləndirən adamları kəskin tənqid edirdilər. S.Sərkisyan 800 hektar ərazinin itirildiyini bildirdi. Bunlar S.Sərkisyanın çox çaşqın vəziyyətdə olduğunu göstərirdi. Amma sonradan S.Sərkisyan mövqeyini dəyişdi, danışıqlardan yayınmağa cəhd etdi.  Prezidentlərin Sankt-Peterburq görüşünün təşkili Vyana görüşünə nisbətən daha böyük çətinliklə baş tutdu.

Ermənistan prezidenti S.Sərkisyan indi prezidentlərin görüşünə razılıq vermir. Sankt-Peterburq görüşündən dərhal sonra Fransa prezidenti ilə görüş gündəliyə gəldi. Az keçmiş ABŞ yeni görüşlərin təşəbbüsü ilə çıxışlar etməyə başladı. Bir az keçmiş ABŞ tərəfi V.Putinin avqust ayında prezidentləri görüşdürəcəyi ilə bağlı məlumat yaydı. Avqust ayı da başa çatıb. Sentyabr ayı da başa çatmaq üzrədir. Sentyabrın sonlarında BMT Baş Assambleyasında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşmə ehtimalından başqa bir şey yoxdur. Xarici işlər nazirləri bu münaqişəni həll etmək gücündə deyillər.

Beləliklə, S.Sərkisyan ciddi cəhdlə diplomatiyanı, diplomatik səyləri heçə endirdi. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi isə artıq hətta aprel ayına qədərki vəziyyətdə deyil. Kifayət qədər aktiv ocaq kimi qəbul edilir”.

“Rusiya çalışacaq ki, Dağlıq Qarabağ məsələsi qısa müddət ərzində Azərbaycanın qələbəsi ilə başa çatsın”

Dağlıq Qarabağ münaqişəsinin Rusiya ilə ABŞ-ın arasında ciddi qarşıdurma predmetinə çevrildiyini deyən politoloq bildirib ki, bu münaqişə İranda kifayət qədər ciddi həssaslıq yaradıb.  Bütün bunlar hamısı göstərir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. S.Sərkisyanın isə dinc və ya siyasi yolla bu münaqişəni həll etmək fikri yoxdur, atdığı addımlar da bunu deməyə əsas verir.

Amma eyni zamanda S.Sərkisyanın davranışının tədqiqi göstərir ki, S.Sərkisyan haradansa ruhlanır. Bizim fikrimizcə bu iki mənbədir: ABŞ-Rusiya qarşıdurması və İranın mövqeyində baş verən dəyişiklik:

“Azərbaycanla İran arasında sabit bir mövqe yaratmaq mümkün deyil. Azərbaycanın İrana qarşı əsas iradı onun Ermənistanla münasibətinə görədir. İran isə elə başa düşür ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini saxlayıb ki, İsraili və ABŞ-ı regiona gətirsin. Amma İran özünün bu ortalığa qoyduğu sintetik sualının cavabını çox asan verə bilər. İran bircə kəlmə beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyünü sərt şəkildə dəstəkləsə və Ermənistana bildirsə ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, İran işğalçı qonşusu ilə əlaqə saxlamayacaq, işğalçı qonşu ilə normal siyasət aparmaq imkanında deyil. Beynəlxalq hüquq, İslam dini İrana buna icazə vermir. İran belə bəyanat verən kimi Ermənistan dərhal öz payını götürəcək. Amma İranın Dağlıq Qarabağ ermənilərinin də iştirakı ilə Tehranda olimpiada təşkil etməsi, Tehranda Dağlıq Qarabağı tərəf kimi göstərməsi bu əslində onu göstərir ki, Ermənistan İranı da özü üçün kifayət qədər ciddi ruhlandırıcı mənbə kimi qəbul edib. Bütün bunlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsi istər-istəməz yaxın vaxtlarda alovlanmalıdır.

Azərbaycan özü də Dağlıq Qarabağda münaqişənin alovlanmasını gözləyir. Ermənistan tərəfinin atdığı bütün addımlar Azərbaycana belə nəticəyə gəlməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hərbi variant seçimi təqdirdə Rusiya əvvəlki kimi müharibəni tormozlandırmayacaq. Rusiya müharibənin lokallaşması və zamanca məhdudlaşması ilə məşğul olacaq. Rusiya çalışacaq ki, Dağlıq Qarabağ məsələsi qısa müddət ərzində Azərbaycanın qələbəsi ilə başa çatsın. Dörd günlük aprel müharibəsindən sonra Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində keçirdiyi hərbi aksiyalarda keyfiyyət dəyişikliyi var. Rusiya-Azərbaycan arasında hərbi münasibətlər demək olar ki, ən yüksək səviyyəyə çatıb. S.Sərkisyan Moskvada Putinlə birlikdə keçirtdiyi mətbuat konfransında verdiyi bəyanatda göstərir ki, o Yenilənmiş Madrid Prinsiplərini də rədd edir.

Beləliklə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatiyanın, siyasətin yolunu bağlayır, hərbin yolunu isə açır”.

S.Sərkisyanın getdikcə dalana dirəndiyini deyən M.Əhmədoğlu Ermənistan prezidentinin “Qazprom” kartı ilə Kremlə qarşı oynamağa başlamasına diqqət çəkir:

“Karen Karapetyanın Ermənistanın baş naziri təyin olunması sensasiya hesab oluna bilər. K.Karapetyanı Rusiyanın emissarı kimi təqdim edənlər Ermənistanda bir qrup antirusiyaçılardır. K.Karapetyan Dağlıq Qarabağ kökənli, “Qazprom”da yüksək vəzifədə olduğu üçün S.Sərkisyanın növbəti oyununda ən yaxşı fiqurlarından birinə çevrildi. S.Sərkisyana indi Kremlə qarşı müqavimət göstərmək çox vacibdir. V.Putinin dəvəti ilə Moskvada son səfəri zamanı Dağlıq Qarabağla bağlı verdiyi bəyanat S.Sərkisyanın tutduğu mövqedə kəskin dəyişikliyin olduğunu göstərdi. S.Sərkisyan Helsinki Yekun Aktının üç prinsipi əsasında Dağlıq Qarabağ tənzimlənməsinin tərəfdarıdır. Amma V.Putinlə keçirdiyi mətbuat konfransında o beynəlxalq hüququn digər iki prinsipini dandı və Dağlıq Qarabağ münaqişəsinin yalnız millətlərin öz müqəddəratını təyin etmə prinsipi ilə tənzimlənmənin tərəfdarı olduğunu bildirdi. Xüsusi diqqət çəkən məqam burasındadır ki, S.Sərkisyan bunu Putinin qarşısında etdi.

AntiKreml siyasət hal-hazırda S.Sərkisyan üçün ən zəruridir. ABŞ-la Rusiya arasında kəskin mübarizə gedir. Yaxın iki ildə keçiriləcək parlament seçkisi və digər siyasi prosedurların legitimliyinə görə ABŞ S.Sərkisyan üçün Rusiyadan qat-qat vacibdir.

Eləcə də S.Sərkisyan başa düşür ki, antiKreml mövqe nümayiş etdirməklə həm də Dağlıq Qarabağ məsələsində ABŞ-ın diqqətini cəlb edə bilər.

Kremlə dirsək göstərməklə o ölkənin ictimai-siyasi mühitinin də rəğbətini qazana bilər. Ona görə S.Sərkisyan antiKreml addımlar atmağa hazırlaşırdı və atdı.

Politoloq hesab edir ki, sadəlövh, primitiv və Qarabağ millətçisi Karen Karapetyanın Dağlıq Qarabağdan olması S.Sərkisyanın işinə xeyli yaradı:

“K.Karapetyan uzun müddət Ermənistanda “ArmRosQazPromun” rəhbəri işləyib. Sonra isə S.Sərkisyan onu Yerevan şəhərinə mer təyin etdi. S.Sərkisyana bəlli oldu ki, K.Karapeytan R.Köçəryanla daha yaxındır və məhz buna görə də K.Karapetyan hakim “Respublika” partiyası ilə yola getmir və gələcəkdə də yola getməsi mümkün deyil. K.Karapetyan S.Sərkisyanın  cəəzalandırmaq niyyətini başa düşən kimi həbs olunmaq təhlükəsindən qorunmaq üçün Ermənistandan qaçdı”.

Kremldə Ermənistanın idarəçiliyi üzrə plan hazırlanır

S.Sərkisyanın özünü şahmatçı hesab etdiyini və bütün addımlarının da çox gedişli olmasına çalışdığını deyən M.Əhmədoğlunun sözlərinə görə, Kreml başa düşür ki, S.Sərkisyanın rəhbərlik etdiyi Ermənistan Rusiya ilə normal siyasət apara bilməyəcək. Qərblə Rusiya arasında ikibaşlı oyunlar oynayacaq. Qərbin əlində Rusiyanın əleyhinə alət olacaq:

“Faktiki də bu gün belədir. Ona görə Kremlin Ermənistanı idarə etmək üçün planı var və yaxın parlament seçkilərinə hesablanmış bu planın reallaşmasına artıq başlanılıb. Kreml Ermənistanı siyasi baxımından Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan vasitəsilə idarə etmək istəyir. Ermənistanın iqtisadiyyatını isə başqa bir Karen Karapetyana tapşırmaq istəyir. Bu  Kremlin Karen Karapetyanı Rusiyada fəaliyyət göstərən milyarder, “Taşir” qrupunun başçısı Samvel Karapetyanın qardaşı Karen Karapetyandır. S.Sərkisyan məhz ilk növbədə hər iki şəxsin adının Karen Karapetyan olmasından uğurla öz xeyrinə istifadə etdi.

Kremldə Ermənistanın idarəçiliyi üzrə planı hazırlayanlar 2-3 adamdır. Prezident S.Sərkisyan isə “Qazprom”-un Karen Karapetyanını publik şəkildə vəzifəyə gətirdi. Əksər Rusiya ekspertləri elə bilir ki, S.Sərkisyan Rusiya ilə daha da yaxınlaşıb. Heç kəs onun bu addımının Kremlin əleyhinə olduğunun mahiyyətinə varmır, vara da bilməz. Rus şüuru erməni məkrini dərk eləməkdən hələ ki, çox uzaqdadır.

Beləliklə, “Qazprom”-un Karen Karapetyanı həm Samvel Karapetyanın qardaşı Karen Karapetyanın Ermənistanda hakimiyyətə daxil olmasının, həm də Ara Abramyanın Ermənistana rəhbərlik etməsinin qarşısının alınmasımda istifadə olunacaq”.

“Qazprom” rəhbərliyinin Karen Karapetyanın Ermənistana baş nazir təyin olunmasından narazılığının aşkar hiss olunduğunu deyən politoloq bildirib ki, “Qazprom”un saytından K.Karapetyanla bağlı məlumatların dərhal silindı. “Qazprom” bunu öz adamı kimi Ermənistana göndərsəydi, bir az fərqli münasibət olardı:

“K.Karapetyan baş nazir statusunda iki iclas keçirdi və hər iki iclasda qaz məsələsinə toxundu. K.Karapetyanın qaz məsələsi ilə bağlı verdiyi açıqlamalar göstərir ki, onun “Qazprom”dan yaxşı mənada heç bir gözləntisi yoxdur. “Nairit” zavodunun işə düşməsi ilə bağlı o invest proqramını rədd etdi. Əsas səbəblərdən biri kimi yaxın 10-15 ildə qazın qiyməti ilə bağlı proqnozun olmadığını göstərdi. K.Karapetyan özü çox gözəl qaz mütəxəssisidir. K.Karapetyan “Qazprom”un Ermənistana münasibətini yaxşı hesab etsəydi, “Qazprom”un Ermənistana satdığı qazın qiymətində siyasi oyun oynamayacağına əmin olsaydı qaz proqnozunu özü verərdi.

“Nairit” sintetik kauçuk zavodunda xammal kimi təbii qazdan istifadə olunur. Eləcə də o Rusiyanın əhval-ruhiyyəsini bildiyinə görə, İrandan gələn qaza da ümid eləmədi. Bu onu göstərir ki, böyük qaz mütəxəssisi Ermənistanın qazla bağlı vəziyyətinin yaxşı olacağını düşünmür. Ermənistanda bu gün əsas qaz təchizatçısı “Qazprom”dur. Baş nazir statusunda K.Karapetyan göstəriş verdi ki, sosial cəhətdən az təmin olunmuş ailələrə qazın qiyməti aşağı salınsın və qaza görə vəsait əhalinin varlı hissəsinin hesabına ödənilsin. Bu da onu göstərir ki, K.Karapetyan hər hansı bir qisimdə “Qazprom”dan sosial qaz və yaxud digər almaq iqtidarında deyil.

K.Karapetyan özü başa düşür ki, o Dağlıq Qarabağ məsələsindən ötrü Rusiyanın daxilində S.Sərkisyan tərəfindən oyuna qatılmış alətdir. Görünür S.Sərkisyan onu “Qarabağ əldən gedir”, “Rusiya Qarabağı Azərbaycana verib” şüarları ilə aldada bilib.

Hər halda S.Sərkisyanın apardığı bu oyun Dağlıq Qarabağ tənzimlənməsində Moskvanın son zamanlar Ermənistanın əleyhinə formalaşmış olan mövqeyini daha da möhkəmləndirəcək”.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər