Bişkek sammiti: Sarkisyan yalanlarına qarşı İlham Əliyevin dəmir məntiqi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Bişkek sammiti: Sarkisyan yalanlarına qarşı İlham Əliyevin dəmir məntiqi – Newtimes.az

14:34 - 21 / 09 / 2016
Bişkek sammiti: Sarkisyan yalanlarına qarşı İlham Əliyevin dəmir məntiqi – Newtimes.az

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında bir sıra mühüm razılıqlar əldə edilib. Təşkilata üzv olan ölkələr müxtəlif sahələrdə, o cümlədən təhlükəsizliyin təmini, terrorla mübarizə, nəqliyyat sferalarında əlaqələri gücləndirmək niyyətlərini ifadə ediblər.

Hazırda bu problemlər dünya üzrə kəskinləşib. 25 illik yubileyini qeyd edən MDB üçün də onların əhəmiyyəti böyükdür. Lakin həmin sammitdə öz ənənəsinə sadiq qalan Ermənistanın dövlət başçısı, şər-böhtan xarakterli fikirlər ifadə edərək, Azərbaycanı aprel müharibəsini törətməkdə günahlandırmağa cəhd edib. Buna cavab olaraq, Azərbaycan Prezidenti çıxışında Serj Sarkisyanın danışdıqlarının həqiqəti əks etdirmədiyini dəmir məntiqlə sübut edib, illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkənin başçısının çıxışlarının əsl paradoks olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla İlham Əliyev növbəti dəfə rəsmi İrəvanın təxribat xarakterli hərəkətini ifşa edib.

Yubiley sammitində erməni yalanı: Sarkisyan xislətini cilovlaya bilmir

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar Qırğızıstanın paytaxtı Bişkekdə təşkilata üzv dövlətlərin başçılarının növbəti sammiti dünya miqyasında mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda keçirilib. Bu məqam, təbii ki, müzakirələrin məzmununa ciddi təsir etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında həmin məqama xüsusi diqqət yetirərək, təhlükəsizlik probleminin indi aktual olduğunu vurğulayıb. Dövlət başçısı deyib: "Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyllərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib / AZƏRTAC, 16 sentyabr 2016).

Bütövlükdə nitqini üzv ölkələrin sosial, iqtisadi, humanitar, enerji problemlərinin həlli və insanların rifah halının yaxşılaşdırılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə həsr edən Azərbaycan rəhbəri tədbirin ruhuna tam uyğun məzmunlu mövqe seçib. Çünki hazırkı şəraitdə səmimi və konstruktiv mövqeli dövlət üçün vətəndaşların həyat səviyyəsi və ölkələrdə sabitliyin təmin edilməsindən önəmli başqa faktorlar ola bilməz. Prezident İlham Əliyev bu sammitdə də reallığa uyğun praqmatik fəaliyyət kursu seçdiyini nümayiş etdirib (bax: əvvəlki mənbəyə).

Bu məqamı biz həm də ona görə xüsusi vurğulayırıq ki, Azərbaycan dövlətinin başçısının çıxışı fonunda Ermənistan prezidentinin söylədikləri çox cılız və yersiz görünürdü. Serj Sarkisyan MDB-dəki vəziyyətlə bağlı bir neçə ümumi tezis deyəndən sonra növbəti dəfə öz yalançı və böhtançı məntiqini işə salıb. O, bu ilin aprel ayında cəbhə xəttində baş verən silahlı toqquşmanı düzgün müstəvidə təqdim etməyib.

Erməni lider yenə də yalan danışaraq, Azərbaycan tərəfini ittiham edib. O deyib ki, qarşı tərəfin atəşkəsi pozması nəticəsində itkilər olub və Rusiya ilə Amerika rəhbərliyinin təşəbbüsü ilə, "şükür ki", müharibə dayandırılıb. Yəni, S.Sarkisyan öz mənfur ənənəsinə sadiq qalaraq, yenə də yalanları ilə insanları çaşdırmaq niyyəti ilə öz təxribatçı addımlarını Azərbaycanın boynuna qoymaq istəyib (bax: Выступление Президента Сержа Саргсяна на заседании Совета глав государств-участников СНГ в узком составе / "www.president.am", 16 sentyabr 2016).

Azərbaycan Prezidentinin bu yalanlara verdiyi tutarlı cavaba keçməzdən əvvəl iki məqama diqqət yönəltmək istərdik. Birincisi, İlham Əliyevlə Serj Sarkisyanın çıxışlarının məzmununun müqayisəsi göstərir ki, Azərbaycan tərəfi daim əməkdaşlığa, barışa istiqamətləndiyini nümayiş etdirib. Rəsmi Bakı bütün beynəlxalq tədbirlərdə onların məzmun və məqsədinə uyğun fikirlər ifadə edir. Və hər bir halda qarşılıqlı faydalı əlaqələrin inkişafına xidmət edən tezislər irəli sürür. Ermənistan rəhbərliyi isə əksinə, hər fürsətdə özünün mənfur niyyətlərini ört-basdır edərək, başqalarına böhtan atmaq çərçivəsində çıxışlar edir. Bu, iki dövlətin mahiyyətindəki fərqləri gözəl üzə çıxarır.

İkincisi, MDB kimi təşkilat artıq bu hallara qarşı öz qəti sözünü deməlidir. Təşkilata üzv ölkələr S.Sarkisyan kimi ara qarışdıranların fikirlərinə rəsmi münasibətlərini bildirməlidirlər. Rusiya Prezidenti də daxil olmaqla üzv dövlətlərin başçılarının belə situasiyalarda konkret mövqe bildirməmələri başqa məqamlarla yanaşı, təşkilatın etibarına da ciddi zərbədir. Məsələ Azərbaycan tərəfinin ermənilərin böhtanına layiqli cavab verib-verməməsində deyil. Bizcə, artıq səmimiyyət və qətiyyət zamanıdır. Əks halda, MDB-nin səmərəli inteqrasiya təşkilatı kimi perspektivi şübhə altına alınmış olar.

Ədalətli və konstruktiv mövqe: İlham Əliyevin qətiyyətli cavabı

Bunlara baxmayaraq, Prezident İlham Əliyevin Serj Sarkisyana çox tutarlı və reallığa uyğun cavab verdiyini mütləq vurğulamaq lazımdır. Belarus Prezidenti Aleksandr Lukaşenko da azərbaycanlı həmkarını düzgün anlayaraq öz çıxış növbəsini ona verməklə səmimi hərəkət edib. İlham Əliyev əvvəlcə nitqində Dağlıq Qarabağ məsələsinə niyə toxunmadığına aydınlıq gətirib. Azərbaycan rəhbəri bu məsələnin başqa beynəlxalq təşkilatlarda həll edildiyinə görə, hazırkı sammitdə bu barədə danışmadığını bildirib.

İlham Əliyev açıq ifadə edib: "Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma, erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavab verdi / AZƏRTAC, 17 sentyabr 2016).

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını neçə illərdir ki, işğal altında saxlayır. BMT kimi ali beynəlxalq təşkilat bu məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Ancaq rəsmi İrəvan onların heç birinə əməl etmir (bax: əvvəlki mənbəyə). Özü də nəinki onların reallaşdırılmasına əngəl törədir, hətta təcavüz qurbanına qarşı şər-böhtan siyasəti də yürüdür. Bununla "Ermənistan beynəlxalq təşkilatları tamamilə bezdirib" (bax: əvvəlki mənbəyə).

Ermənistanın addımları "...tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir" (bax: əvvəlki mənbəyə). Ancaq beynəlxalq təşkilatların sənədlərində münaqişənin həllinin dəqiq formulu öz əksini tapıb. Bu sənədlərdə göstərilir ki, işğalçı zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çəkilməlidir. Buna baxmayaraq, Azərbaycan rəhbərinin xüsusi vurğuladığı kimi, paradoksal vəziyyət yaranıb. Ermənistanın təcavüzdən əl çəkməsi təmin edilmir, həm də buna rəğmən, rəsmi İrəvan qarşı tərəfi günahlandırmaq kimi absurd addımlar atır. Və bu hala qarşı heç bir beynəlxalq təşkilat qəti tədbir görmür. Paradoksallıq bundan ibarətdir.

Belə yanaşmanın nəticəsidir ki, cinayətkar Ermənistan rəhbərliyi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı yersiz olaraq günahlandırır, absurd arqumentlərlə həqiqətdən uzaq olan təsəvvürlər yaratmağa çalışır. Təəssüf ki, MDB də belə təxribatçı çıxışların məkanı olmaqda davam edir. Təbii ki, bütün bunlara son qoyulmalıdır.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin bu fikirləri ilə MDB iştirakçı dövlətlərinin hamısı (Ermənistan istisna olmaqla) razılaşır. Serj Sarkisyanın replikasına İlham Əliyevin dəqiq və obyektiv cavab verməsinə reaksiya müsbət olub. Lakin bu vəziyyət də bir daha təsdiq edir ki, münaqişəni ədalət prinsipi üzrə həll etməyin vaxtı çoxdan çatıb. Ermənilər hər fürsətdə aranı qarışdırır və real əməkdaşlığa ciddi zərbə vurur. Əslində, rəsmi İrəvanın heç bir arqumenti yoxdur. Serj Sarkisyan çıxışlarında eyni yalanları müxtəlif ad altında təkrarlayır. Bundan siyasətçilər də artıq beziblər. Bu səbəbdən də o, dayandırılmalıdır.

Prezident İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən beynəlxalq qurumlar konkret addımlar atmalıdırlar. Belə olmasa, regionda təhlükəsizliyin təmini ciddi təhdidlərlə qarşı-qarşıya qala bilər. Bunun real olaraq dərk edilməsinin zamanı çoxdan çatıb!

Newtimes.az

Paylaş:
488

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər