Meteoroloqlardan xəbərdarlıq: Güclü külək əsəcək, yağış, dolu və sulu qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 24-dən 25-i gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
1news.az