Mübariz Qurbanlı Almaniyanın yeni səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
1news.az-ın məlumatına görə, Komitə sədri səfirə fəaliyyətində uğurlar arzulayaraq onun Azərbaycan-Almaniya arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizdəki mövcud dövlət-din münasibətlərindən bəhs edən M.Qurbanlı Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, DQİDK qanunvericiliyə əsasən dövlətin din siyasətini həyata keçirir, dini radikalizm və ekstremizm hallarının qarşısının alınmasında yaxından iştirak edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini deyən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb.
M.Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri deyib ki, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Vaxtilə almanların Azərbaycanın daha çox Şəmkir və Göygöl rayonlarında məskunlaşdıqlarını, ölkəmizdə Alman Lüteran kilsələrinin indiyədək qorunub-saxlandığını deyən Komitə sədri 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu və Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədi ilə Sərəncam imzaladığını da səfirin diqqətinə çatdırıb.
Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.
Səfir qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq ölkəmizdə, xüsusilə paytaxt Bakıda dinamik inkişafın şahidi olduğunu, paytaxtımızın Avropanın ən gözəl şəhərlərindən biri olduğunu deyib. O, son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını, ölkəmizdə dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib.
M.Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi məsələsində Almaniyanın da maraqlı olduğunu önə çəkib, Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıb. O qeyd edib ki, gələcəkdə ölkəmizdə mövcud olan dini icmalarla Almaniyada fəaliyyət göstərən icmaların birgə əməkdaşlıqlarına maraqlıdırlar.
Qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
1news.az