İlham Əliyev: “Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək” - FOTO
Sentyabrın 26-da keçiriləcək referendumda Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduqları Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Dövlət başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq ölkəmizin Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd edərək bildirib ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu deyib. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirib. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını deyib və qeyd edib ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.
Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
1news.az