Ermənistanın yeni müdafiə naziri kimdir?
Xəbər verildiyi kimi, bu gün Ermənistan hakimiyyətində ciddi kadr dəyişikliyi həyata keçirilib.
Prezident Serj Sarkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb, onun yerinə isə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sarkisyan təyin olunub.
Vigen Sarkisyan kimdir?
Ermənistanın yeni müdafiə naziri 10 may 1975-ci il tarixində İrəvanda həkim ailəsində anadan olub. Sarqisyan müdafiə naziri təyin olunana qədər Ermənistanın Prezident Aparatının rəhbəri olub. O, bu vəzifəyə 17 oktyabr 2011-ci ildə gətirilib.
Yeni müdafiə naziri 1992-1996-cı illərdə Sankt-Peterburqda Vətəndaşlara xidmət üzrə Şimal-Qərb Universitetində personalın idarə olunması fakültəsində təhsil alıb.
1995-1998-ci illərdə isə Ermənistanın Parlament sədrinin xarici əlaqələr üzrə müşaviri və köməkçisi olub.
Sarqisyan 1998-2000-ci illərdə Fletçer hüquq və diplomatiya məktəbində, Tafts və Harvard Universitetlərində təhsilini davam etdirib.
Vigen Sarkisyan müxtəlif illərdə Ermənistan Prezident Aparatının rəhbərinin müavini, 2000-2003-cü illərdə Silahlı Qüvvələrdə müdafiə nazirinin referenti kimi çalışıb.
Sarqisyan bundan əlavə müdafiə naziri və Milli Təhlükəsizlik şurasının sədrinin köməkçisi olub. O, 2003-2009-cu illərdə prezidentin köməkçisi işləyib.
azvision.az