Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 29 faiz artıb
Sentyabrda Heydər Əliyev Beynəlxalq Aeroportu 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.
1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə, bu ilin ötən doqquz ayı ərzində Beynəlxalq Aeroport 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri “Azərbaycan Hava Yolları”na üstünlük verib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13 faiz çoxdur.
Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb.
"Azərbaycan Hava Yolları"nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 15 faizini təşkil edir.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür. Bu il ən məşhur istiqamətlərin siyahısına, həmçinin Antalya, Tehran və Tbilisi də daxil olub. Cari il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.
Bu il "Pegasus", "Iraqi Airways", "Fly Baghdad", "ATA Airlines", "Air Cairo" və "Komaviatrans" aviaşirkətləri Azərbaycana uçuşlara başlayıb.
Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın "Mahan Air" aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
1news.az