Putin: “Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”
“Karbohidrogen erası bitmək üzrədir” demək üçün hələlik real əsas yoxdur”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
“Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur”, - deyə Putin qeyd edib.
Rusiya prezidenti bildirib ki, neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur. O eyni zamanda Rusiyanın OPEC-in neftin hasilatını azaltmaqla bağlı təklifinə qoşulmağa hazır olduğunu da diqqətə çatdırıb:
“Mən digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edirəm. Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq”.
V. Putin Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinə də toxunub: “Bilirik ki, bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi. Biz bu prosesləri ciddi həyəcanla izlədik. Türkiyə xalqını və prezidentini təbrik etmək istəyirəm ki, hadisəni nəzarət altına aldı. Türkiyə artıq bərpa olunur”.
1news.az