Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edib – FOTO

10:31 - 12 / 10 / 2016
Azərbaycan nümayəndə heyəti Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak edib – FOTO

İstanbuldakı “Dolmabaxça” sarayında “Avrasiyada İslam: din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektiv” devizi altında Avrasiya İslam Şurasının IX Zirvə toplantısı işə başlayıb.

1news.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Zirvə toplantısında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hüseynbala Mirələmov və digər rəsmi şəxslərdən ibarət nümayəndə heyəti təmsil edib.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı kadrlar əsasında hazırlanmış film nümayiş olunub.

Zirvənin rəsmi açılışında Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez, Baş nazirin müavini Numan Qurtulmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin və başqaları çıxış ediblər.

Bütün zəminlərdə münaqişələrin dayandırılmasının, terror aktlarının qarşısının alınmasının, insanlara qarşı kütləvi zor tətbiq edilməsinin müasir dünya qarşısında vacib bir problem olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, dünyada sülhün və əmin-amanlığın bərpa olunması, ədalətin və bərabərliyin qorunması, qaçqınların müvəqqəti yerləşdirilməsi, onların ata-baba yurdlarına qayıtmaları məsələlərində Türkiyənin prinsipial mövqeyi dəyişməz qalır.

Prezident İlham Əliyevin səmimi salamlarını və xeyir-duasını Zirvə toplantısının iştirakçılarına çatdıran Şeyxülislam Allahşükür Paşazadə əminliklə bildirib ki, dörd gün davam edəcək bu tədbirdə dünyada sülhün və sabitliyin bərpasına nail olunması üçün mühüm çağırışlar ediləcək. Türkiyədə törədilən terror aktlarını və 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyən Allahşükür Paşazadə bir sıra dövlətlərin qərəzli mövqeyinə baxmayaraq Türkiyə xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək tarixin daha bir ağır sınağından alnıaçıq çıxa bildiyini vurğulayıb.

Xalqlar, dinlər və təriqətlər arasında dostluq və qardaşlığın qorunmasının vacibliyindən danışan Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin son vaxtlar Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşmadan məmnunluğunu ifadə edib və bildirib ki, bütün bu nailiyyətlər hər iki dövlət başçısının möhkəm siyasi iradəsi nəticəsində gerçəkləşir.

Çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi kimi məsələlərdən bəhs olunub.

Rəsmi açılışdan sonra panellər üzrə müzakirələr aparılıb.

Rəsmi açılışda və geniş müzakirə toplantısında çıxış edən Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez Avrasiya İslam Şurasının ötən dövrdəki fəaliyyəti, qarşıda duran vəzifələri, Türkiyənin dini bərabərlik siyasəti, bu ölkənin qarşılaşdığı çətinliklərdən bəhs edib.

Sonra Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər ölkələrdən müxtəlif müsəlman dini icmalarının nümayəndələri çıxış ediblər.

Yaxın Şərqdə və digər ölkələrdə yaşanan münaqişələri, o cümlədən Türkiyədə səngimək bilməyən amansız terror aktlarını düşmən qüvvələrin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bütün bu qarşıdurmaların başlıca səbəbi beynəlxalq aləmdəki ikili standartlardır. Azərbaycanın ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları nəticəsində axıdılan günahsız insan qanları, müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılaşması çox ciddi narahatedici amillərdir. Xalqımızın erməni terrorizmindən böyük zərər çəkdiyini, çoxlu sayda insan itkisi ilə qarşılaşdığını bildirən Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını sərgiləyərək haqq və ədalət tərəfdarıdır.

İslam dininin xalqlarımızın həyatındakı tarixi rolundan bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, türk xalqları, o cümlədən azərbaycanlılar bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşulub, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynayıblar. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz zaman cəmi 17 məscid olan ölkəmizdə hazırda 2100-dən çox məscidin fəaliyyət göstərdiyini diqqətə çatdıran komitənin sədri bildirib ki, müstəqilliyini əzmlə qoruyan və gündən-günə möhkəmləndirən Azərbaycan xalqı islami dəyərlərin qorunması istiqamətində böyük irəliləyişə nail olub. Bu, milli-mənəvi və islami dəyərlərimizin qorunması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən böyük siyasətin məntiqi nəticəsidir. Son illər ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdəki mövqelərinin güclənməsi kimi məsələlərdən söhbət açan M.Qurbanlı bildirib ki, Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüz illər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini etiqad azadlığından sui-istifadəyə yol vermək olmaz. Azərbaycan hökuməti dini radikalizm və ekstremizmə qarşı mübarizədə bütün ölkələrlə, xüsusilə qardaş müsəlman ölkələrlə hər cür əməkdaşlığa hazırdır.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev dövlət-din münasibətlərinin tənzimlənməsi, dinin siyasi və qrup maraqlarından uzaq tutulması, dinlər və məzhəblərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması, xüsusilə dini maarifləndirmə işinin sağlam və mötəbər qaynaqlar əsasında həyata keçirilməsi və s. istiqamətlərdə Muxtar Respublikada görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının Zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasında rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlər müzakirə edilir.

Zirvə toplantısı oktyabrın 14-dək davam edəcək.

1news.az

Paylaş:
488

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər