Maxaçqalada “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib
Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə Mahaçqala şəhərindəki Dostluq Evində “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib.
1news.az-ın məlumatına görə, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun və REA-nın Dağıstan Elmi Mərkəzinin əməkdaşı, tarix elmləri doktoru, professor Məhəmmədxan Məhəmmədxanovun müəllifi olduqları “Dərbənd xalçaçılığı” əsəri Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi fundamental elmi layihə əsasında işıq üzü görüb.
Tədbirdə Dağıstan Respublikasının baş nazirinin birinci müavini Anatoliy Karibov, milli siyasət naziri Tatyana Qamaley, mədəniyyət naziri Zarema Butayeva, müxtəlif nazirliklərin və idarələrin, ictimai təşkilatların nümayəndələri, bələdiyyələrin rəhbərləri, mədəniyyət və incəsənət, elm xadimləri, KİV, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif sahə institutlarının alimlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Giriş sözü ilə çıxış edən Tatyana Qamaley qeyd edib ki, “Bu qəbildən olan, yüksək elmi və poliqrafik səviyyədə həyata keçirilən böyük miqyaslı müştərək layihələr, şübhəsiz ki, xalqlarımız üçün mühüm əhəmiyyət kəsb edən hadisədir.
Anatoliy Karibov monoqrafiyanın müəlliflərini təbrik edərək əmin olduğunu bildirib ki, “Dərbənd xalçaçılığı” layihəsi Azərbaycan və Dağıstan xalçaçılarının, tədqiqatçılarının, tarixçi və etnoqraflarının gələcək əməkdaşlığına təkan olacaq, Dağıstanda xalq sənətkarlıq sahələrinin və etnoturizmin inkişafına kömək edəcək.
Zarema Butayeva monoqrafiya müəlliflərinə Dağıstan Respublikasının Mədəniyyət Nazirliyi adından təşəkkür məktubları təqdim edərək vurğulayıb ki, “Xalça - xalqların tarixini və mədəniyyətini özündə əks etdirən xüsusi işarələr və simvollar dünyasıdır: “Mənim üçün bu kitabda Rusiya və Azərbaycan muzeylərində qorunan xalçaçılıq sənətinin ən gözəl nümunələrinin təqdim olunması xüsusilə maraqlıdır”.
Digər natiqlər də öz çıxışlarında “Dərbənd xalçaçılığı” monoqrafiyasının ictimai, elmi və mədəni əhəmiyyətindən danışıblar.
1news.az