2060: “Böyük transformasiya”nın üç ssenarisi - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

2060: “Böyük transformasiya”nın üç ssenarisi - Newtimes.az

21:02 - 25 / 10 / 2016
2060: “Böyük transformasiya”nın üç ssenarisi - Newtimes.az

İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi öz işini başa vurub. Çoxlu sayda ölkəni təmsil edən minlərlə iştirakçı qlobal əhəmiyyətli enerji problemlərini müzakirə ediblər.

Dünya Enerji Şurası 2060-cı ilə qədər olan dövrü əhatə edən və enerji sahəsində gözlənilən dəyişiklikləri əks etdirən inkişaf ssenarilərini təqdim edib. Bu hesabatı 25 ölkədən 75 mütəxəssis hazırlayıb. Hesabatda bəşəriyyətin uzun bir müddətdə keçə biləcəyi mümkün təkamül yolları və dünya enerji mənbələrindən istifadə üsulları ifadə edilib. Burada xüsusi olaraq iqtisadi, demoqrafik, ekoloji, texnoloji və geosiyasi faktorların təsiri nəzərə alınır. Göstərilir ki, faktiki olaraq enerjidən istifadə cəmiyyətin digər sahələri ilə sıx bağlılıqda dəyişikliklərə uğrayacaq. Əhali artımı və atmosferin çirkləndirilməsi burada xüsusi yer tutur. Bütün bunların fonunda Konqresdə aparılan müzakirələr və verilən proqnostik xarakterli təhlillər maraq kəsb edir. Onlar üzərində dayanmağa ehtiyac hiss edilir.

“Yeni üfüqlərə” doğru: dünya enerjisinin durumu və perspektivləri

23-cü Dünya Enerji Konqresi gözlənildiyi qədər maraqlı olub və bəşəriyyət üçün çox aktual olan problemləri geniş müzakirə edib. Tədbirin mövzusu birbaşa enerji sahələrinə aid olsa da, hər bir məqamda gələcəklə bağlı proqnozlar da önəm kəsb edib. Konqresin əsas mövzusunun “Yeni üfüqlərə qucaq açmaq” olması həmin aspektdə çox məqamlardan xəbər verir. Onun tərkibində panellərdə dünya enerji liderləri, gələcəyin enerji liderləri, “enerji üçlüyü” kimi proqnostik məzmunlu məsələlər müzakirə edilib.

Bunların fonunda “2060 ssenariləri: Böyük transformasiya” adlı panel geniş maraq doğurub. Maraqlıdır ki, “Böyük transformasiya” XX əsrin tanınmış filosofu və iqtisadçısı Karl Polaninin əsərinin adıdır. Burada o, bəşəriyyət tarixində baş verən siyasi və iqtisadi transformasiyaları analiz edib. Kitabın nəşr redaktoru olan R.Makayver vurğulayıb ki, “tarixin dönüş məqamında işıq üzü görən əsər bəşər övladının əməllərində yeni məna və formaların dərkini ifadə edir” (bax: Karl Polanyi. The Great Transformation: The Political and Economic Origins of Our Time. Foreword by Robert M. MacIver. N.Y.: Farrar & Rinehart Inc., 1944, 315 p.).

Deməli, təşkilatçılar panelin adını təsadüfi və təntənə üçün seçməyiblər. Onlar enerji sahəsində dünyanın dönüş məqamında olduğunu ifadə edir və bu sahədə çox ciddi təsirləri ola biləcək dəyişikliklərin gözlənildiyini vurğulayıblar. Belə görünür ki, Dünya Enerji Şurasının mütəxəssisləri yaxın perspektivdə qlobal miqyasda köklü yeniliklərin baş verəcəyinə əmindirlər. Hətta o məzmundakı biz artıq “qlobal transformasiya” ifadəsini işlədə bilərik.

Bunlar onu göstərir ki, 23-cü Dünya Enerji Konqresində problemin proqnostik aspektlərdə analiz edilməsi zərurətdən yaranıb. O, birbaşa müasir dövrün iqtisadi, energetik, geosiyasi və mədəni özəllikləri ilə sıx bağlıdır. Tədbirdə iştirak edən mütəxəssislər məsələnin bu tərəfinə xüsusi vurğu ediblər. Hələ 1 il bundan öncə Dünya Enerji Şurasının sədri Marie-Jose Nadeau jurnalistlərə bildirmişdi ki, geosiyasətlə enerji sahəsi arasında sıx bağlılıq var və onlar bir çox hallarda ziddiyyət təşkil edirlər. Lakin indi dünya enerji sferasında dialoq qurmağa məcburdur (bax: Didem Eryar Ünlü. 2060 enerji senaryoları İstanbul’da açıklanacak / "Dunya.com", 29 may 2015).

Etiraf edilməlidir ki, hazırda belə bir dialoqu qurmaq xeyli mürəkkəbdir. Çünki qlobal geosiyasi ziddiyyətlər nəinki azalmayıb, hətta daha da artıb. Enerji ehtiyatları ilə zəngin olan Yaxın Şərq regionunda xüsusilə qarışıq mənzərə meydana gəlib. Bu səbəbdən 23-cü Dünya Enerji Konqresində alınan qərarların strateji aspektdə əhəmiyyəti böyükdür.

Mütəxəssislər həmin kontekstdə tədbirdə 2060-cı ildə dünya üzrə enerji sahəsində proqnozlaşdırılan dəyişikliklər barədə geniş müzakirələr aparıblar. Maraqlıdır ki, Çinin 2060-cı ildə enerji imkanlarının durumu ilə bağlı ayrıca söhbət açılıb. Belə gözlənilir ki, bu ölkənin qlobal enerji sektorunda payı digərlərindən fərqli olacaq. Ekspertlər Çinin daha çox enerji istismar edə biləcəyi ilə yanaşı, yeni texnologiyalardan istifadə etməklə daha qənaətcil üsula keçə bilməsi ehtimalını da araşdırıblar. Gözlənilir ki, Çin məhz bu üsulla öz enerji ehtiyacını ödəyə biləcək. Həm də atmosferin çirklənməsində öz payını aşağı salacaq. Lakin bu, yeganə ssenari deyil. Çinin həmin mərhələyə qədər dünyanın ən böyük hava çirkləndirən ölkəsi kimi qalması da istisna edilmir. Bütövlükdə bu, dünya üzrə enerji sahəsində özünü göstərəcək dəyişikliklərə bağlı olacaq.

Qlobal enerji dəyişiklikləri ilə əlaqədar mütəxəssislərin Konqresə təqdim etdikləri transformasiya ssenariləri bütün bu səbəblərdən olduqca böyük maraq doğurub. Dünya Enerji Şurasının hazırladığı hesabatda əsas olaraq üç ssenari təqdim olunub. Bu, ümumilikdə Şuranın Accenture Strategy və Paul Scherrer İnstitutu ilə birgə hazırlanmış “Dünya Ssenariləri Hesabatı” tərkibində həyata keçirilib. Ssenariləri 25 ölkədən 70-dən çox mütəxəssis hazırlayıb (bax: World Energy Scenarios 2016 report: Global energy demand growth set to fall / "Worldenergy.org", oktyabr, 2016).

“Bitməmiş simfoniya”, “Modern caz” və “Hard rok”: hansı reallaşacaq?

Ssenarilərin adları da tarixi kontekstdə metaforik ifadələrdir: birinci ssenari “Bitməmiş simfoniya” (məşhur Frans Şubertin bitirə bilmədiyi musiqi əsərinin adı), ikinci ssenari “Modern caz” (sosial-mədəni anlamı olan “modern” ifadəsinin enerjidaşıyıcısına uyğunlaşdırılması) və üçüncü ssenari “Hard rok” (musiqidə ağır, sərt rok) adlanır (bax: əvvəlki mənbəyə).

Dünya enerjisinin 2060-cı ilə proqnozlaşdırılan durumunun bu cür metaforik ifadə edilməsinin arxasında hansı mənalar dayanır və onlar nələri əks etdirir? Məsələnin bizim üçün aktual olan tərəfi bundan ibarətdir. Onların hər üçü üçün ortaq olan məqamı Dünya Enerji Ssenariləri sədri Ged Davis belə ifadə edib: “Çox böyük bir dəyişikliyin baş verdiyi açıqdır. Bu, enerji sektoru üçün yeni bir dünya yaradacaqdır. Tarix boyu insanlar neft ehtiyatlarının pik səviyyəsindən bəhs etdi, ancaq indiki trendlər enerji mütəxəssislərini Tələb Pikini düşünməyə sövq edir” (bax: əvvəlki mənbəyə). Deməli, bütün ssenarilər üçün tələbin maksimum səviyyəyə çatması əsas transformasiya məqamı kimi qəbul edilir.

Bu şəraitdə başlıca məsələ dünya enerjisinin hansı istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlıdır. Burada da ilk olaraq təmiz enerji, yəni, ekoloji zərəri minimum olan enerji növünə üstünlük verilməlidir. Çünki tələb artırsa, istifadə edilən enerji də atmosferi daha çox çirkləndirir. Bunun qarşısı alınmasa, hava çirkliliyindən ölənlərin sayı kəskin arta bilər. Hazırkı göstərici də az deyil – ildə 6 milyon insan!

Mütəxəssislərin ehtiyatlı proqnozlarının başlıca səbəbi isə alternativ enerji növlərinin payının artmasının gözlənilməsinə rəğmən, 2060-cı ilə qədər neft və qazın payının dünya miqyasında 60 faizdən aşağı olmayacağıdır. Bundan başqa, hazırda dünyada 1,3 milyard insan elektrik enerjisindən istifadə edirsə, 2,7 milyardı odun və başqa köhnə vasitələrdən yararlanır (bax: Enerjinin geleceğine yön veren liderler İstanbul’da bir araya geldi / “Solarexmagazine.com”, 11 oktyabr 2016).

Ekspertlərin proqnozlarına görə, dünya üzrə əhali ildə 3 milyard artırsa, onların 2 milyardı enerjidən daha çox istifadə edənlər olacaq. Bu proses 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. Qaza olan tələbat isə 2060-cı ilə qədər çox yüksək olacaq. Özü də söhbət hazırkı üsulla, təbii qaynaqlar əsasında istifadə edilən metodla hasil olan neft və qazdan gedir. Burada onu da nəzərə almaq lazımdır ki, ssenarilərdə dünya əhalisinin 2060-cı ildə 10 milyardı ötəcəyi və onların 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır (bax: əvvəlki mənbəyə).

Bütün bunlar enerjidən istifadənin demoqrafik, iqtisadi, geosiyasi, iqlim və texnoloji faktorların sistemli təsiri altında daha da artması şəraitində baş verəcək. Deməli, dünya üçün iki faktor önəm kəsb edir: birincisi, enerjiyə olan tələbat sürətlə artacaq, ikincisi, bu zaman ekoloji cəhətdən daha təmiz enerji növündən istifadə zərurətə çevriləcək. Yuxarıda vurğulanan ssenarilər də həmin iki vəzifəni yerinə yetirməyə hesablanıb. Ancaq onların adlarından da göründüyü kimi, mütəxəssislər həm bədbin, həm də nikbin ssenariləri istisna etmirlər. “Bitməmiş simfoniya”, obrazlı deyilsə, bəstəkar F.Şubertin nakam məhəbbəti kimi yarımçıq qala bilər. “Modern caz” nikbinlikdir ki, enerjidən istifadənin modernləşməsini nəzərdə tutur. “Hard rok” isə hansısa enerji növlərinin daha çox ağırlıq qazana bilməsinə işarədir. Burada konkret enerji növünü demək hələlik çətindir.

Beləliklə, 23-cü Dünya Enerji Konqresi bəşəriyyət üçün əhəmiyyətli problemləri müzakirə edib və gələcəklə bağlı maraqlı inkişaf ssenarilərini ortaya qoyub. Hesabatdan da göründüyü kimi, bütün hallarda Azərbaycan kimi ölkələrin qlobal enerjiyə töhfəsi ciddi əhəmiyyət daşıyacaq. Bu da onu göstərir ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu uzun müddət qalacaq. Ölkə rəhbərliyinin düşünülmüş və ağıllı siyasəti ilə Azərbaycan yeni-yeni zirvələr fəth edəcək! 

Newtimes.az

 

Paylaş:
454

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər