Mübariz Əhmədoğlu: Ermənistanın “İskəndər” alması uzun müddət müzakirə mövzusu olacaq
Ermənistanın “İskəndər” alması və yaxud Rusiyanın Ermənistana “İskəndər” satması uzun müddət müzakirə mövzusu olacaq. Ermənistan “İskəndər”i Azərbaycana qarşı istifadə edəcəklərini bildirsə də, yaydığı məlumatlar bu mövqeyə şübhə yaradır. Əvvəla ermənilər indi bildirirlər ki, dördgünlük aprel döyüşü zamanı onlarda “İskəndər” olub. Sadəcə ondan istifadə etməyiblər. Bu, əlbəttə ermənisayaq ziddiyyətin daha bir təzahürüdür. Belə alınır ki, prezident S.Sarkisyanın Ermənistanda “İskəndər”in mövcudluğundan xəbəri olmayıb.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raketləri ilə bağlı xəbəri şərh edərkən deyib:
“Həmin dövrdə S.Sarkisyanın necə təlaş keçirdiyi, Ermənistanın 80-cı illərin silahları ilə silahlanması barədə səsləndirdiyi fikirlər heç kimin yadından çıxmayıb. Əgər o dövrdə “İskəndər”dən Azərbaycana qarşı istifadə edə bilməyiblərsə, deməli yenə istifadə edə bilməyəcəklər. Amma hədə-qorxularını davam etdirəcəklər.
İkincisi, Ermənistan iddia edir ki, “İskəndər” 2013-cü ilin müqaviləsi əsasında verilib. 2013-cü il Ermənistanın Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramından birmənalı şəkildə imtina etdiyi ildir. Assosiativ müqaviləni imzalamadı və bir gecənin içərisində mövqeyini Rusiyaya tərəf dəyişdi. Gömrük İttifaqına üzv olmaqla bağlı bəyanat verdi. Özünü Rusiyanın ssenarisinə tam uyğunlaşdırdı. Ermənistan Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində hətta Rusiya bazalarını çıxarmaq məsələsinin müzakirə edirdi. Ermənistan bundan sonra antiqərb siyasət aparacağının əlaməti kimi “İskəndər”i almaq niyyətini ortalığa qoyub.
Amma ermənilərin antiqərb siyasətinə Rusiyanı inandırmağın digər ən vacib istiqaməti Ermənistanın Gürcüstandan olan narazılığıdır. Bu narazılıq son dövrlərdə artır. İvanişvili-Kvirikaşvili komandasının ən ermənipərəst hakimiyyət olmasını etiraf etmələrinə baxmayaraq Ermənistan Gürcüstandakı ermənilərə tapşırdı ki, hakim “Gürcü arzusu” partiyasına səs verməsin. Eləcə də milli, dini və təhsillə bağlı problemləri şişirtməklə məşğuldurlar. Gürcüstanın bas naziri Q.Kvirikaşvilinin Ermənistana son səfəri Gürcüstan-Ermənistan arasındakı problemləri üzə çıxardı”
M.Əhmədoğlu bildirib ki, Ermənistan işğalçılığını gücləndirmək niyyəti ilə “İskəndər”i aldı:
“NATO və ABŞ hərbi gəmilərinin Gürcüstan limanlarına tez-tez daxil olması, Qərbin Gürcüstanda hərbi baza yaratmaq istəyi və Gürcüstanın bu istiqamətdə fəaliyyəti Rusiyanın diqqətindən yayınmayıb. Ona görə, Ermənistanın “İskəndər” barədə təkidli arzusunu, xahişini yerinə yetirdi.
Hər halda “İskəndər” bütün regiona, xüsusilə Gürcüstan üçün daha böyük təhlükə mənbəyidir. Rusiya Azərbaycan üçün təhlükə mənbəyi olması özünün zərərinədir. Rusiyanın Azərbaycanda investisiyaları var. Rusiya Azərbaycanın müharibədə məğlub olmasını qəbul edə bilməz. Çünki Azərbaycandakı silahların, xüsusilə müasir silahların demək olar ki, hamısı Rusiyanın silahlarıdır. Azərbaycanın hər hansı döyüşdə məğlub olması Rusiya silahlarının məğlubiyyəti kimi başa düşülə bilər. Rusiya silah bazarında mövqeyini itirə bilər.“İskəndər” Azərbaycana qarşı hədə vasitəsi, Gürcüstana qarşı isə real silahdır. Gürcüstanla Azərbaycan arasında Ermənistandakı “İskəndər” raketinin müzakirəsini vacib hesab edirik”.
1news.az