Xalq Rəssamı Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olunub
Oktyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqında bu qurumun sədri, Xalq Rəssamı Fərhad Xəlilova “Şərəf” ordeninin təqdim olunması mərasimi keçirilib.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan Rəssamlar İttifaqının yarandığı gündən bu günədək incəsənətimizin inkişafındakı xidmətlərindən, göstərdiyi fəaliyyətdən danışıb.
Mədəniyyət ocağının rəhbəri kimi Fərhad Xəlilovun gördüyü işlərdən, sənət fəaliyyətindən söz açan nazir deyib ki, onun incəsənətimizin təbliği istiqamətində fəaliyyəti olduqca ürəkaçandır. Bildirilib ki, hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyil göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalıb.
Vurğulanıb ki, Fərhad Xəlilov təkcə Azərbaycan miqyasında deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, saxlanılır və sərgilənir. Mədəniyyət və incəsənət sahəsinin inkişaf aspektlərinin hər zaman dövlət başçısının diqqətində olduğunu söyləyən nazir F.Xəlilov yaradıcılığına olan dövlət qayğısından və verilən yüksək qiymətdən bəhs edib. Nazir Xalq Rəssamına yaradıcılığında uğurlar arzulayıb və “Şərəf” ordenini ona təqdim edib.
F.Xəlilov yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ənənəvi olaraq dövlət başçısının mədəniyyət və incəsənət sahəsinə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayan Xalq Rəssamı qeyd edib ki, bu proses hələ ulu öndər Heydər Əliyev tərəfindən başlanıb. Bu gün həmin proseslərin davamı olaraq dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkəmizdə nəinki mədəniyyət və incəsənət sahəsi, həyatın bütün sahələri böyük diqqətlə əhatə olunub.
Digər çıxış edənlər F.Xəlilovun yaradıcılığından, gördüyü işlərdən söz açıblar.
Sonda Azərbaycan Rəssamlar İttifaqının kollektivi adından ölkə Prezidentinə minnətdarlıq ifadə olunub.
1news.az