Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus edib – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus edib – Newtimes.az

14:21 - 27 / 10 / 2016
Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus edib – Newtimes.az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinə Ermənistan rəsmi dairələri böyük ümidlər bəsləyir, bir sıra geosiyasi və təhlükəsizlik məsələlərində təşkilatın ciddi dəstəyini qazana biləcəklərini gözləyirdilər.

Həm də bu görüş Ermənistanın təşkilatda sədrliyinin yekunu idi. Lakin reallıqda proses başqa istiqamətdə getdi. Belarus prezidentinin çıxışı göstərdi ki, Ermənistanın sədrliyi dövründə nəinki hansısa irəliləyiş olmayıb, hətta qeyri-müəyyənlik daha da artıb. KTMT-ni BMT və NATO tanımayıb.

Təşkilatın möhkəmlənməsi üçün ciddi iş görülməyib. Bunun əsas səbəblərindən biri isə rəsmi İrəvanın sədrliyi dövründə seçdiyi yanlış prioritetlərdir. Onlar müasir dövrün tələblərinə uyğun deyildi və həyata keçirilməsi mexanizmləri yoxdur. Bu səbəbdən ümumi ifadələrlə kifayətlənən tədbir iştirakçıları nə S.Sarkisyana dəstək ifadə etdi, nə də strateji xarakterli sənəddə rəsmi İrəvanın əsas istəklərini nəzərə aldı. Bütün bunlardan məyus olan S.Sarkisyanın yanında yekun brifinqdə N.Bordyujadan başqa kimsə olmayıb.

Sarkisyanın dolaşıq fikirləri fonunda: Lukaşenkonun həqiqətləri etirafı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin başçılarının İrəvan sammiti haqqında KİV ziddiyyətli informasiyalar yayır. Rusiyanın "Kommersant" qəzeti isə maraqlı məqamlardan bəhs edir. Nəşrin yazdığına görə, tədbir yaxşı alınmayıb. Xüsusilə Ermənistan prezidenti ev sahibinə uyğun qonaqpərvərlik və fəallıq göstərməyib. O əvvəlcə, "yorğun halda bir neçə müəmmalı söz ifadə edib". Tədbirin sonunda isə erməni lider daha pis vəziyyətdə olub. Rusiyalı jurnalist yazır ki, "...sonra cənab Sarkisyan yenə müəmmalı şəkildə, açıq deyək, burnunun altında nəsə mızıldandı və razılaşdırılmış sənədləri imzalamaq istədyirdi ki, hamını..., Belarus prezidenti Aleksandr Lukaşenko xilas etdi".

Və əslində, həmişə orijinal, ədalətli və açıq fikirləri ilə seçilən Belarus lider S.Sarkisyanın "siyasi halsızlığı"nın, passivliyinin və sözləri məntiqsiz ifadə etməsinin səbəbini dediklərində ifadə edib. A.Lukaşenko etiraf edib ki, "müzakirə edilən məsələlər... prezidentlər səviyyəsinə layiq olmayıb". Əlbəttə, bağlı qapılar arxasında tədbir iştirakçılarının söylədikləri konkret fikirlər haqqında söz demək istəmirik. Ancaq həm erməni liderin qeyri-müəyyən və ürəksiz davranışı, həm də Belarus prezidentinin, ümumiyyətlə, KTMT haqqında dediyi bədbin fikirlər belə nəticə çıxarmağa əsas verir ki, İrəvan sammiti S.Sarkisyanın istədiyi kimi keçməyib.

Məsələ burasındadır ki, A.Lukaşenko heç bir ciddi beynəlxalq təşkilatın KTMT-ni tanımaq istəmədiyini açıq söyləyib, o cümlədən BMT bu təşkilata sülh missiyasını yerinə yetirmək səlahiyyəti verməyib və NATO da onu tanımır. Bu biabırçı vəziyyətdən çıxmaq üçün xahiş etmək lazım deyil. Konkret səmərəli fəaliyyət göstərmək gərəkdir ki, bu da hələlik yoxdur.

Maraqlıdır ki, A.Lukaşenko yekun brifinqə də qatılmayıb. S.Sarkisyanın yanında isə N.Bordyujadan başqa kimsə oturmayıb. KİV təşkilatda sədrliyin Belarusa keçməsi fonunda bunu anormal hal kimi qiymətləndirir və qəribədir ki, A.Lukaşenkoya haqq qazandırır. Çünki İrəvana da iştirakçıların hamısı faktiki olaraq könülsüz gəliblər. Hətta Qazaxıstan prezidenti N.Nazarbayev tədbirə qatılmayıb (rəsmi məlumatlara görə ona soyuq dəyib). Bundan başqa, yekun qətnamə qəbul edilməyib və təşkilatın baş katibi seçilməyib. A.Lukaşenko isə Belarusun təşkilatda hansı məsələləri prioritet hesab etdiyi barədə yeni sədr kimi yazılı təqdimat verməyib – o, məsələni sonraya saxlamağı xahiş edib.

Bu qeyri-müəyyənliklər fonunda erməni ekspertlər başqa bir məqamı da vurğulayırlar. Onlar yazırlar ki, İrəvan sammitində Azərbaycanın "nəfəsi" hiss edilirdi. İştirakçılar, obrazlı deyilsə, Azərbaycana "boylanıb" fikir bildirirdilər. Onlar sanki Bakının mövqeyinə uyğun gəlməyən hansısa incəliyin olmasını istəmirdilər.

Strateji fəaliyyət prioritetləri: ümumi mövqenin sönük ifadəsi

Bütün bunların fonunda S.Sarkisyanın öz evində belə siyasi uğursuzluğa düçar olduğu aydın görünür. Əslində, burada qeyri-adi bir şey yoxdur. Çünki rəsmi İrəvanın xarici siyasəti çox səmərəsizdir və ona qiymət verilə bilməz. Ermənistan elə bir əhəmiyyətli siyasi addım atmayıb ki, məsələn, A.Lukaşenko, yaxud A.Atambayev onu dəstəkləsin. Qırğızıstan prezidenti hətta Gürcüstanın təcrübəsindən öyrəndiklərini Tbilisidə bəyan edib.

Bəs Ermənistandan kim hansı təcrübəni götürsün? Qonşunun torpaqlarını havadarlarının yardımı ilə işğal edib, sonra özünü həyasız aparmağımı? Yoxsa gah Qərbə, gah da Şərqə şikayət dolu nəzərlərlə baxıb, onlardan yardım tələb etməyimi? Bəlkə, rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi namərdlik və riyakarlıq nümunə kimi mənimsənilməlidir?

Təbii ki, bütün bu məqamları siyasətçilər çox gözəl bilirlər. Bu səbəbdəndir ki, hətta erməni ekspertlər belə "İrəvan sammitinin əhəmiyyətini azaltdılar", – deyə qeyd edirlər. Burada qəbul edilən qərarlar elə bir rezonans doğurmayıb. Lakin KTMT-nin 2025-ci ilə qədər strateji fəaliyyət prioritetlərini ifadə edən sənəddə "maraqlı" məqamlar yox deyildi.

Hər şeydən əvvəl, onu vurğulayaq ki, həmin sənəddə konkret bir müddəa yoxdur. Orada ümumi mənzərə təsvir edilir və ona təşkilatın son dərəcə ehtiyatlı yanaşması ifadə olunur. Yazılır ki, müasir çağırışlar və təhdidlərə təşkilat üzvləri hazır olmalıdırlar. Bu mənada KTMT üzv dövlətlərin sabitliyi, təhlükəsizliyi və müstəqilliyinin mühüm təminatçılarından biridir. Ancaq bunun konkret hansı mexanizmlərlə həyata keçiriləcəyi aydın deyil. Çünki KTMT beynəlxalq səviyyədə tanınmayıb. Bundan başqa, təşkilata daxil olan dövlətlər arasında təhlükəsizlik məsələsində yekdil mövqe formalaşmayıb. Məsələn, Rusiya da daxil olmaqla KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin Ermənistan işğalçılıq siyasətindən imtina etmir. Belə bir dövlətin aqressivliyini çətin ki, təşkilata üzv olan ölkələrin əksəriyyəti dəstəkləsin.

Başqa bir məqam kimi sənəddə təşkilatın beynəlxalq münasibətlərdə güc tətbiqindən imtinaya üstünlük verdiyi vurğulanır. Meydana çıxan problemləri siyasi-diplomatik yolla həll etmək tövsiyə olunur. Burada ciddi ziddiyyət mövcuddur. Çünki KTMT-nin üzvü olan Ermənistan artıq uzun illərdir ki, güc tətbiq edərək qonşu dövlətin ərazisini işğal altında saxlayır. Belə olan halda ya sənəd formal xarakter daşıyır, ya da Ermənistana ciddi xəbərdarlıq olunmalıdır ki, ilk olaraq özü güc tətbiqindən imtina etsin. Əks halda, bundan Azərbaycanın öz torpaqlarını azad etməklə bağlı fəaliyyətinə qiymət vermək kimi yararlanmaq cəhdi xam xəyaldır – hər kəs reallığı çox gözəl bilir.

Nəhayət, KTMT üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə balı tutduqları mövqe ilə də rəsmi İrəvanı məyus ediblər. Bununla bağlı sənəddə göstərilir ki, məsələ danışıqlar yolu ilə, Helsinki Yekun Aktının, Vyana və Sankt-Peterburq görüşlərinin tələblərinə uyğun, ərazi bütövlüyü nəzərə alınmaqla həll edilə bilər. Şübhə yoxdur ki, rəsmi İrəvan burada xalqların öz müqəddaratını təyin etməsi prinsipini saxlayıb, ərazi bütövlüyünün təmini məsələsini çıxarmaq istərdi. Lakin bu, baş tutmayıb, ərazi bütövlüyü müddəası öz əksini tapıb. Deməli, S.Sarkisyanı məyus edən faktlardan biri də bundan ibarət olub.

Əslində, başqa cür ola da bilməzdi. Çünki KTMT beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərə qarşı çıxa bilməz. Elə olsa, onun heç bir əhəmiyyəti qalmaz, şəxsi maraqlar meydanına çevrilmiş olar. Sadəcə, İrəvan o dərəcədə riyakar və obyektivlik hissini itirmiş haldadır ki, çox sadə həqiqətləri belə görə bilmir. Ermənilər hələ də himayədarlarının iradəsini beynəlxalq hüquqdan üstün tutur, onlara güvənir. Bu isə siyasət deyil, erməni xalqını uçuruma aparmaqdır.

Belə çıxır ki, KTMT-nin İrəvan sammitində Ermənistanın gözlədikləri alınmayıb. Təşkilata üzv olan digər dövlətlər daha ehtiyatlı mövqe tutublar. Onlar bütövlükdə qlobal siyasətdə özünü göstərən əsas trendlərin məzmununu nəzərə alıblar və buna uyğun olaraq ümumi tezislərdən o yana getməyiblər. Açıq şəkildə göstəriblər ki, Ermənistanın eqoist, təcavüzkar, qeyri-sivil və antidemokratik istəklərini müdafiə etmək fikrində deyillər. Konstruktiv mövqeli, müasir və müstəqil siyasət yeridən dövlətlərlə əməkdaşlıq daha faydalıdır. Bəlkə də KTMT-nin son sammitinin ən maraqlı cəhəti elə məhz bundan ibarətdir.

Newtimes.az

Paylaş:
474

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər