Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə iştirak edib – FOTO
Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva çıxışında qeyd edib ki, bu tədbir dünyanın diqqətini aclıq və ərzaq təhlükəsizliyi kimi çağırışlara cəlb etmək üçün böyük imkandır. Builki ərzaq gününün mövzusuna toxunan Leyla Əliyeva vurğulayıb ki, FAO-nun xoşməramlı səfiri və ətraf mühitin qorunması sahəsində yorulmaz fəal, ən əsası dünyanın sakini kimi bu məsələyə çox həssas yanaşır. “Dəyişən iqlimin yeni reallığı ilə əlaqədar biz ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik”, - deyən Leyla Əliyeva Paris İqlim Sazişinin və 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf Gündəliyinin əhəmiyyətini vurğulayıb.
“Əgər biz tədricən artan dünya əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatında dayanıqlılıq, məhsuldarlıq və davamlı inkişafa nail olmalıyıq”, - deyən IDEA İctimai Birliyinin rəhbəri iqlim dəyişikliyinin ekosistemə və kənd əhalisinə daha çox təsir etdiyini söyləyib. Bu mənada, kənd təsərrüfatı sistemlərini dəyişdirmək və onlara yeni istiqamət vermək üçün FAO-nun iqlim əsaslı ağıllı kənd təsərrüfatı yanaşmasının bütün dünyada tətbiqinin vacibliyini qeyd edib. Leyla Əliyeva rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən beş ildə görülən tədbirlərdən danışıb, ərzaq təhlükəsizliyi və ətraf mühitin qorunmasında xüsusi əhəmiyyət kəsb edən yeni layihə barədə məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Dəniz mühitini yaşatmağa və ondan asılı olan kənd icmalarına yardım göstərilməsinə töhfə vermək məqsədilə göstərdiyimiz səylər sayəsində IDEA bu yaxınlarda Kür çayının deltasının çoxtərəfli təmizlənməsi layihəsini irəli sürüb. Bu layihə nəyə görə çox vacibdir? İlk olaraq onu bildirmək istərdim ki, Kür qərb sərhədlərimizdən başlayaraq Xəzər dənizinə qədər təxminən min kilometri qət edir və onun sahillərində yaşayan insanların həyatı üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Kür çayı dünyada ən qədim və nadir balıq növü olan Xəzər nərə balığının artmasının əsas sahəsidir”.
Yeni layihənin ətraf mühit və yerli əhali üçün faydalı olacaq balıq ehtiyatlarının, suyun keyfiyyətinin və bütövlükdə ekologiyanın yaxşılaşdırılması məqsədini güddüyünü bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti ərzaq çatışmazlığından çox sayda insanın əziyyət çəkdiyini, bunun QİÇS, malyariya və vərəm kimi xəstəliklərin ümumi sayından daha çox insanı tələf etdiyini vurğulayıb.
Sonda Leyla Əliyeva deyib: “İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”.
Tədbirin əhəmiyyətinə toxunan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və təminatı məsələlərinin indi hamını narahat etdiyini vurğulayıb. Nazir iqlim dəyişikliyindən ən çox kənd təsərrüfatı sahəsinin ziyan gördüyünü, ölkəmizdə son illərdə investisiyalar sayəsində su ehtiyatlarının artdığını deyib, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün görülən işlərdən danışıb, alternativ enerjidən istifadə və ağacəkmə kampaniyaları nəticəsində Azərbaycanda meşə sahələrinin ərazisinin xeyli artdığını vurğulayıb. Nazir bildirib ki, ölkəmizdə atmosferə atılan zərərli qazların miqdarı xeyli azalıb. Dörd külək, dörd günəş elektrik stansiyası quraşdırılıb. Hədəfimiz gələcəkdə 25 faiz enerjini alternativ mənbələrdən istehsal etməkdir. H.Bağırov son on beş ildə ölkəmizdə 144 min hektarda 100 milyondan çox ağac əkildiyini diqqətə çatdırıb.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun yaranma tarixi və missiyasından bəhs edib. Vurğulayıb ki, iqlim dəyişikliyini həll etmədən yoxsulluq və aclığa qalib gəlmək olmaz. Bu məsələdə səyləri birləşdirmək vacibdir. O deyib ki, ehtimallara görə, dünya əhalisinin sayı 2050-ci ilə qədər 9,6 milyard nəfərə çatacaq. Bununla əlaqədar olaraq, FAO hesab edir ki, kənd təsərrüfatı məhsullarının istehsalı 2050-ci ilədək 60 faiz artmalıdır. Bu məsələdə ən böyük problemlərdən biri isə iqlim dəyişikliyi ola bilər. Ona görə də builki Ümumdünya Ərzaq Gününün mövzusu “İqlim dəyişir: ərzaq və kənd təsərrüfatı da dəyişməlidir” seçilib. Dünyada artıq 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris Sazişini imzalayıb və 2016-cı il iqlim üçün fəaliyyət ilidir. Eyni zamanda, dünyada aclığın tamam aradan qaldırılmasına nail olmaq məqsədilə hədəf il olaraq 2030-cu il müəyyən edilib.
Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomesajı nümayiş olunub.
Tədbir “İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və kiçik ailə təsərrüfatları” mövzusunda panel müzakirələrlə davam edib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçən panel iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, “ADA” Universitetinin və FAO-nun nümayəndələri iştirak ediblər. Müzakirələr iqlim dəyişikliyinin ölkədə ərzaq təhlükəsizliyinə və kiçik ailə təsərrüfatlarına təsiri, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri ilə mübarizədə dövlətin, vətəndaş cəmiyyətinin və digər maraqlı tərəflərin üzləşdiyi çətinliklərin müəyyən edilməsi, FAO və digər əsas maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi üzrə imkanların və mövzuların müəyyənləşdirilməsi və s. məsələləri əhatə edib.
AZƏRTAC