Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: “Ambisiyaları var, ağılları yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: “Ambisiyaları var, ağılları yoxdur”

17:03 - 27 / 10 / 2016
Xədicə İsmayıl Əli Kərimli və Cəmil Həsənli haqqında: “Ambisiyaları var, ağılları yoxdur”

Publika.az saytında müxalifət düşərgəsində baş verən son proseslərlə bağlı məqalə dərc olunub. Məqalədə əsasən müxalif qüvvələrin “siyasi məhbus” oyunundan bəhs olunur.

Həmin məqaləni olduğu kimi təqdim edirik:

Yaxud “siyasi məhbus” alverçiləri nəyi bölüşdürə bilmirlər?

Azərbaycanın radikal müxalifət düşərgəsi nə zaman mövzu sarıdan qıtlıq yaşayırsa, saman çöpündən yapışan kimi, dərhal "siyasi məhbus" məsələsinə üz tutur.

Belə demək mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslik rolunu oynamağa başlayıb. Ona görə də son 10 gündə radikal düşərgədə "siyasi məhbus" məsələsi ətrafında baş verənləri tamamilə təbii hesab etmək olar. Müzakirələrə və tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlara diqqət yetirdikdə, radikalların yeni qovğasının əsas motivləri üzə çıxır.

Söhbət heç də hansısa məhkumun hüquqlarını müdafiə etmək istəyindən getmir və bu məsələ "siyasi məhbus" alverçilərini zərrə qədər də maraqlandırmır. Bu qovğada yenə də Qərbdəki konkret donor təşkilatlarından külli miqdarda qrant almaq və varlanmaq ehtirası özünü açıq-aydın göstərir.

Əli Kərimli və “Milli şura” Xədicəgilin siyahısını “iqnor etdi”

Ümumiyyətlə, son illər "siyasi məhbus" biznesi bəzi maraq qrupları üçün gəlirli sahəyə çevrilib. Beynəlxalq hüquqda"siyasi məhbus" ifadəsi ilə bağlı fikir ayrılıqları mövcud olsa da, ümumi qəbul olunmuş anlayış bundan ibarətdir ki, əgər bir şəxsin azadlıqdan məhrum edilməsi tam olaraq siyasi səbəblərlə əlaqədardırsa, həmin şəxs "siyasi məhbus" hesab olunur. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda "siyasi məhbus" yox, konkret hansısa cinayət törətmiş və buna münasib də məhkum olunmuş insanlar var. Kimlərinsə siyasi fəaliyyətlə məşğul olmaları onları məsuliyyətdən azad etmir.

Digər tərəfdən, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yuridiksiyasına daxilik və onun qəbul etdiyi qərarlar ölkəmizdə hüquqi qüvvəyə malikdir. Ona görə də əgər kimlərsə məhkəmələrin qəbul etdiyi qərarlardan narazıdırlarsa və bu qərarın ədalətliliyinə şübhə ilə yanaşırlarsa, pozulduğunu iddia etdikləri hüquqlarını AİHM-də müdafiə edə bilərlər. Bildiyimiz qədərilə, bu günədək ortaya çıxmış siyahılarda adları yer alan məhbusların mütləq əksəriyyəti bununla bağlı heç bir addım atmayıb. Belə olduğu halda, həmin siyahılar kimə və nə üçün lazımdır?

Oktyabrın 17-də Xədicə İsmayılın başçılıq etdiyi dəstənin hazırladığı siyahı təqdim olundu və bu, “vahid işçi qrupunun siyahısı” adlandırıldı. Cəmi bir gün sonra isə başqa bir "işçi qrupu" peyda oldu: oktyabrın 18-də Leyla Yunus, Oktay Gülalıyev və Elşən Həsənov tərəfindən hazırlandığı iddia olunan yeni "siyasi məhbus" siyahısı açıqlandı. İki siyahı arasında ciddi fərqlərin olması haqlı suallar meydana çıxardı. Amma narazılıq yaradan və sosial şəbəkələrdə geniş müzakirələrə, tənqid və qınaqlara əsas verən təkcə siyahıların birində 94, digərində isə 166 nəfərin adının olması deyil. Diqqət çəkən əsas məqamlardan biri bəzi radikal müxalifət funksionerlərinin iki siyahıya münasibətdə fərqli mövqe ortaya qoymasıdır.

Belə ki, bəziləri neytral qalmağa çalışsa da, AXCP və "Milli şura" Leyla Yunusun siyahısına açıq dəstək verərək Xədicə İsmayılın dəstəsinə arxa çevirdi. Hətta 166 nəfərlik siyahının təqdimatında "Milli şura" rəhbərliyi iştirak edib Xədicəgilin ünvanına üstüörtülü ismarıclar da göndərdi. Cəmil Həsənli bu siyahının natamam olduğunu əsas gətirərək digərinin üstün cəhətlərini sadalamağa girişdi. Əli Kərimli isə özünün faktiki olaraq idarə etdiyi “Azadlıq” qəzetində L.Yunusun siyahısının geniş təbliğatını aparsa da, ikincilərin "siyasi məhbus" siyahısı ilə bağlı xəbərlərin işıqlandırılmasına "veto qoydu". Bu da sosial şəbəkələrdə haqlı olaraq "Əli Kərimli Xədicə İsmayılın dəstəsinin "siyasi məhbus" siyahısını iqnor etdi" kimi dəyərləndirildi.

İttihamların hədəfində AXCP sədridir

Qarşı tərəfin cavabı da özünü çox gözlətmədi. Başda Xədicə İsmayıl olmaqla siyahının hazırlanmasında iştirak edən qrup üzvləri digər "siyahı"çıları qeyri-peşəkarlıqda və ikitirəlik salmaqda günahlandırdılar. Bu ittihamların əsas hədəflərindən biri AXCP sədri Əli Kərimli oldu.

Bəli, Əli Kərimli bu dəfə də ilanı Seyid Əhməd əli ilə tutmaq istədi. AXCP sədrinin bu biznesdə Oktay Gülalıyevi qabağa verməsi təsadüfi deyil. O, bununla həm radikal düşərgədəki digər boğaz ortaqlarını "tortun dilimlərindən" məhrum etməyi, həm də etibarlı bir şəxsin əli ilə prosesə nəzarət etməyi düşünürdü. Bu məsələdə O.Gülalıyev Kərimli üçün ideal seçimdir. Çünki bu, həmin Oktay Gülalıyevdir ki, Əbülfəz Elçibəyin dövründə AXCP Gənclər Komitəsinin və Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub, Elçibəyin vəfatından sonra partiya parçalandıqda isə əksəriyyətin xəyanətkar adlandırdığı Əli Kərimlinin deyil, Mirmahmud Mirəlioğlunun yanında yer alıb. Uzun müddət KXCP-də müxtəlif vəzifələr tutsa da, bu partiyanın hakimiyyətə gəlmə perspektivinin olmadığını anlayaraq sonralar Əli Kərimliyə meyillənməyə başlayıb, 2013-cü ildə “Milli Şura” yarananda onun mətbuat katibi təyin edilib, bir qədər sonra isə KXCP ilə yollarını tam ayırıb.

Yalnız siyasi partiyada fəaliyyət göstərməklə yaxşı pul qazanmağın mümkün olmayacağını anlayan bu zirək müxalifətçi 2012-ci ildən etibarən həm də hüquq müdafiəçiliyinə girişib. Əvvəl guya Kür daşqınlarından zərər çəkənlərin hüquqlarını müdafiə edib, sonra isə “siyasi məhbus” məsələsi üzrə ixtisaşlamağa başlayıb. Beləliklə, 90-cı illərdə özünü “milli demokrat” kimi təqdim edən bu şəxs XXI əsrin ikinci onilliyində 5-ci kolonunun parlaq təmsişçilərindən birinə çevrilib. Gülalıyevin bu keyfiyyətlərini nəzərə alan Ə.Kərimli “siyasi məhbus” məsələsində ondan faydalanmaq istədi. Amma AXCP sədrinin sağ qulağını sol əli ilə qaşımaq həvəsi qursağında qaldı. Çünki qarşısındakılar onun öz mətbəxində dolaşan və hətta "yataq otağı" sirlərinə də bələd olan adamlardır:

Xədicə İsmayıl, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu və digərlərinin yolları Əli Kərimli və onun başçılıq etdiyi dəstə ilə dəfələrlə kəsişib. Hətta mütəmadi olaraq Qərb institutlarından "şərikli çörək" alıb yedikləri də məlumdur. Ona görə də qarşı tərəfin öz ittihamlarını birbaşa Əli Kərimliyə ünvanlaması təəccüblü deyil. Hər halda, Xədicə İsmayılın "facebook" səhifəsində yazdığı "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər" kimi qınağından ən çox nəticə çıxarmalı olan adam AXCP sədridir. Xədicənin təbirincə, Əli Kərimli və Cəmil Həsənli araqarışdıranlardır. O, növbəti şərhində fikrini bu sözlərlə ifadə edib: "Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar".

"Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli öz "facebook" səhifəsində paylaşdığı statusda Ə.Kərimlinin adını çəkməsə də, sədrinə olan qınağını C.Həsənliyə xitabən ifadə edib: "Cəmil müəllim 94 nəfərlik siyasi məhbus siyahısına "natamam" deyib, tez-tələsik hazırlanan, sanki 94-ün qarşısına çıxarılan 166 nəfərlik siyahı da tam deyil axı. 94-ü hazırlayanlar siyahının niyə 94 olmasının açıqlamasını da vermişdilər, ikitirəlik salmaq heç də yaxşı hərəkət deyil, bunu bir az ayıb da saymaq olar...".

Zurnanı kim çalacaq?

"Siyasi məhbus" məsələsi kifayət qədər rentabelli "biznes" olduğuna görə, bu dəfə tərəflərin daha ağır qaydasız döyüşə girişdikləri bəllidir. İndi hər iki qütb üçün başlıca məqsəd qarşı tərəfi mümkün qədər çox ifşa etməkdir. "Kanal 13" internet televiziyasında yayımlanan "Sizin tribuna" adlı verilişdə Xədicə İsmayılın dəstəsinin üzvü Xalid Bağırov Oktay Gülalıyevlə apardığı müzakirələrdə maraqlı nüanslara aydınlıq gətirib. Məsələn, məlum olub ki, Leyla Yunusun 166 nəfərlik siyahısında bir adamın adının iki dəfə yazılması halları ilə yanaşı, artıq azadlıqda olan şəxslərin də "siyasi məhbus" kimi siyahıya daxil edilməsi faktları mövcuddur. Bu kimi halların kifayət qədər çox olduğunu qeyd edən Xalid Bağırov qarşı tərəfin siyahısının tamamilə qeyri-peşəkar hazırlandığını, əksər iddiaların konkret hüquqi sənədlərə söykənmədiyini vurğulayıb. Oktay Gülalıyev isə ünvanlarına səslənən ittihamlara eyni ritorika ilə cavab verərək, rəqiblərinin "faktları görməzlikdən gəldiklərini", "cəsarətsiz davrandıqlarını" bildirib.

"İştah diş altındadır" deyiblər. Pul iyi gələndə radikal müxalifət düşərgəsinin ştatlı üzvlərinin iştahı daha da artır. Elə son günlər olduğu kimi. Qrant, pul ehtirasi vaxtilə müxalifətdəki digər partiyaları "zərərsizləşdirmək" üçün birgə fəaliyyət göstərən, bir-birilərinin hesabına xaricdən qrant alan, ortaq layihələr həyata keçirən Əli Kərimli və Xədicə İsmayılın ətrafındakı "QHT-şniklərin" düşmən olmaları üçün yetərlidir. Bu düşmənçiliyin, radikal müxalifət düşərgəsini toz-dumana bürüyən "siyasi məhbus" qasırğasının səs-sədası hələ sonra çıxacaq. Amma hazırda dəqiq olan budur ki, yeni marafon start götürüb və hərə əlində bir "siyasi məhbus" siyahısı ortalıqda gəzişməkdədir. Kim öz siyahısını "donorlara" sırıya bilsə, Molla Nəsrəddin demiş, "zurnanı da o çalacaq".

Paylaş:
934

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər