Cəlilabadda insan sağlamlığı üçün zərərli heyvan cəmdəkləri aşkar edilib – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
1news.az-ın məlumatına görə, bu il oktyabrın 11-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilib.
Reyd zamanı Cəlilabad rayonu “Azərbaycan” küçəsində yaşayan Quliyev Elçin Cabir oğluna məxsus həyətdə 02 “Jiquli” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində başı kəsilmiş, dərisi soyulmuş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 1 baş heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının 20 oktyabr tarixli ekspertizası nəticələrin nəzərə alınaraq oqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq Cəlilabad rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində 02 “Jiquli”” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanmış 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayılmış qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.
1news.az