Bakıda Türkiyənin milli bayramı qeyd edilib – FOTO
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 27-də rəsmi qəbul təşkil edib.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Səfir Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. O bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib. Ortaq tarixə, keçmişə malik ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bundan sonra da inkişaf edəcək.
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısının xalq tərəfindən qətiyyətlə alınmasından sonra ölkənin taleyində mühüm dönüş nöqtəsi baş verdiyini söyləyən Əli Əhmədov Türkiyə xalqının bu ağır sınaqdan üzüağ çıxdığını vurğulayıb. Baş nazirin müavini qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu deyib. O, ölkələrimiz arasında strateji xarakter kəsb edən sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
AZƏRTAC