Bakıda 22-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi-konfransı keçiriləcək
29 noyabr - 2 dekabr tarixlərində Bakıda 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi-konfransı keçiriləcək.
1news.az-ın məlumatına görə, regionun ən böyük sahəvi tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını bir araya toplayır.
İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.
Qeyd edək ki, sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.
1news.az