Pentaqon rəsmisi: ABŞ Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatında maraqlıdır
ABŞ Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təminatında maraqlıdır.
Bu haqda ABŞ-ın Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 1-də Bakıda keçirdiyi brifinqdə deyib.
“Biz 2002-ci ildən Azərbaycanla təhlükəsizliklə bağlı əməkdaşlığa 60 milyon dollar sərf etmişik. Əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, kiber-cinayətkarlıq, eləcə də dünyada sülhü bərqərar olmasıdır”, - bu haqda o, Bakıdan gedərkən bildirib.
Maykl Karpenter ölkəsinin müdafiə sahəsində Azərbaycan ilə geniş əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, hərbi sahə iki ölkə arasında əsas əməkdaşlıq sferalarından biridir. O, Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Maykl Karpenter 11 sentyabr hadisəsi zamanı Azərbaycanın ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb.
Suriyadakı vəziyyətə toxunan Pentaqon rəsmisi bildirib:
“Düşünürük ki, Rusiyanın hərbi müdaxiləsi vətəndaş müharibəsi oduna benzin tökməkdir. Biz rusiyalı həmkarlarımızla bu məsələni həll etmək istiqamətində işləməyə çalışırıq. Regionda sülh və təhlükəsizliyin təminatı üçün işləməyə davam edəcəyik”.
Qeyd edək ki, Maykl Karpenter oktyabrın 31-də Azərbaycana səfərə gəlmişdi. Səfər çərcivəsində Pentaqon rəsmisinin Azərbaycanın müdafiə, xarici işlər nazirləri, Dövlər Sərhəd Xidmətinin rəhbəri, eləcə də baş nazirin müavin ilə görüşü keçirilib.
Mövzu ilə əlaqədar oxuyun:
Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisini qəbul edib
1news.az