Bakı meriyası üçün qeyd: Kiyev açıq səma altında nəhəng rəsm qalereyasına çevrilir – FOTO
Bakı gözəl şəhərdir? Sözsüz ki, bunu Azərbaycanın paytaxtına səfər etmiş istənilən əcnəbi təsdiq edə bilər.
Sanki küləklər şəhərində hər şey gözəldir – səliqəli yollar, çoxlu park və meydanlar, gündən-günə artan memarlıq nümunələri bunun bariz nümunəsidir. Heydər Əliyev Mərkəzi, Flame Towers, Crystal Hall, Xalça muzeyi, Muğam mərkəzi və bir çox memarlıq nümunələri olmadan müasir Bakını təsəvvür etmək olmur.
Bütün bu müasir tikilirlərlə yanaşı, Bakının daha ucuz və effektli bəzəyi var. Bunu isə Kiyevdə olarkən dərk etdim.
Ukraynanın paytaxtında yaşayış binalarının yan tərəf və üzərlərinin parlaq rənglərlə “murallarla” (müasir abidə rəsmləri) bəzədilmiş rəsm əsərləri göz qamaşdırır.
Bu rəsm əsərləri çox mənalıdır. Misal üçün, yaxın günlərdə Kiyevin Xarkov massivində yeni parlaq mural əmələ gəlib. Rəsm əsərinin müəllifi, rəssam Dima Fatumun sözlərinə görə, əsər Xarkov yaşayış massivinin tarixi və müasir kontekstindən bəhs edir.
Bundan əlavə, qeyri-adi murallarla rəssam İlya Paveleç Kiyev Estrada və Sirk İncəsənəti Akademisyasının iki divarının bəzəyib. Şəkillərdə jonqlyorlar, kəndirbazlar, akrobatlar və illüzionistlər təsvir edilib. Eləcə də, Kiyevin mərkəzində fransız rəssam MTO Rusiya və Ukrayna arasında yalançı məhəbbət təsvir olunub.
“Fransız rəssam MTO-nun əsərinin mövzusu Rusiya və Ukraynanı təsvir edən yalançı məhəbbətdir. Fasada çəkilmiş parçalanmış ürək bugünkü vəziyyəti təsvir edir. Bu iş yalnız müəllifin rəssamlıq ustalığını deyil, eləcə də onun səbrini nümayiş etdirir”.
Kosta-rikadan olan rəssam Mata Ruda da Ukraynanın paytaxtında maraqlı mural çəkib. Burada qədim slavyan mifologiyasındakı qadın ruhu “Bereginya” təsvir olunub. Son zamanlar buna “Slavyan ilahəsi”, ana ocağı, evin qoruyucusu kimi baxılır.
Daha əvvəl isə Avtraliyadan olan street-art rəssam Fintan Magee on yeddi mərtəbəli binanın fasadına güllərlə qız təsvirini çəkmişdi. Art United Us layihəsi çərçivəsində dünyanın bir çox street-art rəssamları 200 mural çəkəcək ki, bunların da 100-ü Ukraynada olacaq. Bunların da hər biri şah əsəri olacaq ki, buna görə Kiyevə gəlməyə dəyər.
Təəssüflər olsun ki, mural çəkmək sənəti hələ Bakıya gəlməyib. Axı xalqımızın, dövlətimizin fəxr etdikləri bir çox nümunələri ilə istənilən görkəmsiz “Xruşovkanı”, yeni tikilini murallar vasitəsilə rəssamlıq nümunəsinə çevirmək olar. Eləcə də murallara sərf olunan xərclər binaların örtüklərinə sərf olunanlarla muqayisə etmək olmaz.
Beləliklə, ümid edirəm ki, Kiyevin bu təcrübəsi ölkəmiz tərəfindən uğurla həyata keçəcək. Bu da istər bakılıların, istərsə də şəhərimizin qonaqlarının ürəyincə olacaq.
Ə.Həsənov