“Şəxs adlarının ensiklopedik lüğəti” nəşr olunub – FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Aydın Abi Aydının tərtib etdiyi iki cildlik “Şəxs adlarının ensiklopedik lüğəti” çapdan çıxıb.
1news.az-ın məlumatına görə, lüğətdə əsasən türk dilində və azərbaycanca olan şəxs adları verilib. Yeri gəldikdə ərəb və fars adları da təqdim olunur və izahları verilir.
Daha öncə də şəxs adları ilə bağlı nəşrlər hazırlamış müəllif ilk dəfə belə əhatəli və geniş lüğət təqdim edir. Kitabda geniş müqəddimə və istifadə olunmuş mənbələr də yer alıb.
Müqəddimədə türk şəxs adlarının yaranma tarixinin bir neçə mərhələsi göstərilir. Müəllif müxtəlif türk xalqlarına başqa dillərin təsirindən söz açır, türk şəxs adlarının yayıldığı əraziləri qeyd edir, adların insanlara qoyulması şəraiti və səbəblərindən bəhs edir.
Lüğətdə adların mənaları açıqlanır. Sözlükdə Anadolu, Orta Asiya və başqa türklərin adları bəzən səsləndiyi kimi də verilir. O adlar ki türklərin əksəriyyətində işlənir, müəllif onları, adətən, Azərbaycan türkcəsində göstərməyə üstünlük verir.
1news.az