Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Komitədən 1news.az-a verilən məlumata görə, hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərrac nəticəsində 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.
Nəzərinizə çatdıraq ki, hərrac barədə elan bir ay öncə komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında ətraflı məlumat almaq mümkündür.
Tamamilə açıq və şəffaf şəraitdə keçirilən hərracda sifariş verib iştirakçı statusu qazanan vətəndaşlardan əlavə, hərracla maraqlanan insanlar da iştirak edərək hərrac prosesini müşahidə ediblər.
Hərrac günü böyük monitorlarda komitənin Özəlləşdirmə Portalı (privatization.az) üzərindən hərraca çıxarılmış əmlaklar və iştirak prosedurları barədə qısa məlumat verilib.
Hərracda özəlləşdirilmiş 2 kiçik dövlət obyekti Bakıda, 1-i Şəkidə, satılmış 4 istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı isə paytaxtda yerləşir. Qeyri-yaşayış sahələrindən birinin satışı üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dölət müəssisə və obyektlərinin hamısı ticarət sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət Bakının Nizami rayonunda yerləşən 62,2 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, adıçəkilən əmlak 25.000 manata özəlləşdirilib. 20.000 manat isə paytaxtın eyni rayonunda yerləşən 55 kv.m. sahəsi olan digər istifadəsiz qeyri-yaşayış sahəsinə təklif olunub. Kiçik dövlət obyektlərindən isə paytaxtın Binəqədi rayonunda yerləşən 44 saylı mağazaya 21.250 manat, Suraxanıdakı 112 saylı mağazaya isə 20.000 manat təklif edilib və özəlləşdirilib.
Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.
Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Hərracda özəlləşdirilmiş “Ağcabədi pambıq” və “Biləsuvar pambıq” səhmdar cəmiyyətləri sənaye sahəsinə aid olan iri müəssisələrdir. Regionlarda yerləşən rəqabət qabiliyyəti potensialı olan belə müəssisələrin özəlləşdirilməsi investisiya qoyuluşundan sonra həmin müəssislərdə istehsalın bərpa olunması və yeni iş yerlərinin açılması məqsədi daşıyır. Özəlləşdirilmiş müəssisələr tamamilə yenilənmiş və müasir standartlara uyğun şəkildə tam fəaliyyət göstərməyə başlayacaq.
Xatırladaq ki, növbəti belə hərrac 15 noyabrda keçiriləcək və 73 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.
1news.az