Kür və Araz çaylarında çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının I ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.
Məlumata görə, Noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 67 m3/san azalaraq 140 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.9, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.8, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.72-7.09 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1news.az